Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-85/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin sahə inspektoru Adilov Rövşən Zülfüqar oğlunun, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Babək prospekti, 34A ünvanında yerləşən akkumlyator mağazasında işləyir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13:00 radələrində mağazaya gəlib, içəridə olan qaz qurğusunun açıq olub-olmamasını yoxlamaq istəmişdir. Mağazaya daxil olarkən giriş qapısını içəridən açarla bağlamış, qapının içəri tərəfindən dəmir vitrin qoymuşdur. Bu zaman polis əməkdaşı qapını döyərək açmasını istəmişdir. O, mağazanın işləmədiyini desə də, polis əməkdaşı israrla qapını açmasını tələb etmişdir. O, qapını açıb nə istədiyini soruşmuşdur. O isə cavabında onun qanunsuz fəaliyyət göstərdiyini bildirib onu Nizami rayon 23-cü Polis Bğlməsinə aparmış, barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə protokolu tərtib etmişdir. Protokolla tanış olmuş və imzalamaqdan imtina etiraz etmişdir. Barəsində tərtib olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru Adilov Rövşən Zülfüqar oğlu göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xüsusi karantin rejiminin tətbiqinə əməl edilməsi vəziyyətini yoxlamaq üçün xidməti ərazidə olarkən, Babək prospektində fəaliyyət göstərən akkumlyator dükanının fəaliyyət göstərdiyini müəyyən edərək bu barədə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında mağazanı işlədən X2 İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. İnzibati xətanı aşkara çıxararkən foto və ya videoçəkilişdən istifadə olunmamış, digər sübutlar əldə edilməmişdir. O, inzibati xətanı bilavasitə aşkar etdiyindən hesab edir ki, tərtib etdiyi protokol əsaslıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş və qərardan şikayət vermiş şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru Adilov Rövşən Zülfüqar oğlu tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi dövründə, şənbə günü Babək prospektində yerləşən akkumlyator dükanı fəaliyyət göstərmiş, nəticədə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin rəisi Emin Çələbiyev tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İXM-nin tələblərini pozaraq açıq havada tibbi maskadan istifadə etməyən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 450 nömrəli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmış, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılması qərara alınmışdır. Hansı ki, qərardan şikayət vermiş X1 fəaliyyət göstərdiyi akkumlyator satışı mağazası həmin 1 nömrəli əlavədə nəzərdə tutulan sahələr sırasına aid olmamışdır. Lakin nəzərə alınmalıdır ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir, X2 tərəfindən Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 450 nömrəli qərarı ilə müəyyən edilmiş qaydaların pozulması ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, inzibati qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolda X1 xx xxxxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi dövründə, şənbə günü Babək prospektində yerləşən akkumlyator dükanı fəaliyyət göstərdiyi öz əksini tapsa da, mübahisələndirilən qərarda, protokoldan fərqli olaraq, xətanın mahiyyəti “xx xxxxxx 2020-ci il tarixdə vətəndaş İXM-nin tələblərini pozaraq açıq havada tibbi maskadan istifadə etməmişdir” kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının onun tərəfindən xx xxxxxx 2020-ci il tarixdə pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-85/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-85/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver