Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-855/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini xx xxxxxx 2020-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi X4 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, DYPŞ-nin hazırkı işlə bağlı sorğusu Şəxs MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən imza edilərək alınmış, lakin qanunla müəyyən edilmiş müddətdə icrası təmin edilməmişdir. Hətta bildirişi aldıqdan sonra MMC-nin nümayəndəsi şöbəyə gələrək protokolun baxılması üçün məhkəməyə göndərilməsini, orada işə xitam veriləcəyini demişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, MMC-nin 170 nəfər əməkdaşı vardır, pandemiyaya götə işçilərin 60%-i ixtisara düşmüşdür. Xəbərnamədə göstərilən “Rəsulova” soyadlı işçi menecerin köməkçisi vəzifəsində işləyir, o, malların vitrinə düzülüşü ilə məşğul olur, məsul şəxs deyildir. Pandemiya ilə əlaqədar məktublar vaxtında gəlmir, bununla yanaşı “Rəsulova” soyadlı işçi məktubu qəbul etdikdən sonra gözətçiyə vermişdir, bununla da sorğu vaxtında aidiyyəti üzrə təhvil verilməmiş, ona görə icrası mümkün olmamışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri Nizami RPİ-nin DYPŞsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus ** JP *** dövlət qeydiyyat nişanlı “Hyundai HD78 yük” markalı avtomobilin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə saat 14:52-də Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xəbərnamənin surətindən görünür ki, sözügedən bildiriş poçt xəbərnaməsinə “Rəsulova” soyadlı şəxs tərəfindən imza edilməklə xx xxxxxx 2020-ci il tarixdə çatdırılmışdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi hərəkətsizlikdə ifadə olunur. Hansı ki, bu cür məlumatın səlahiyyətli orqan tərəfindən tələb olunması və hüquqi şəxs tərəfindən bununla bağlı sorğunun xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada alınması iş materialları ilə tam təsdiq olunur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən təkzib olunmur, sözegedən sorğu qanunla müəyyən olunmuş 5 gün müddətində icra olunmamışdır. Məhkəmə, hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətdən yayındırılmasına cəhd etmə kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 347-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-855/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-855/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver