Məhkəmə qərarları › İş №3(007)-865/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-865/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-865/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ismayıllı şəhəri, M.Hüseyn küçəsi, döngə 1, ev 2-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində özbaşına tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 07 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 07 fevral 2023-cü il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsiniun kəsişməsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 07 fevral 2023-cü il tarixdə sinif yoldaşı ilə Q.Qarayev prospektində yerləşən bir kafedə yeyib-içmişlər, saat 17:00 radələrində kafedən çıxmışdır. Həmin yerdə bir maşının yol polisi tərəfindən saxlanıldığını və sürücüyə protokol yazıldığını görmüşdür. O, sürücüyə yazınlaşıb onunla söhbət etmiş, zarafatlaşmışdır. Yol polisi əməkdaşı ona irad tutmuşdur ki, işlərinə mane olur. O da içkili və əsəbi olduğuna görə polis əməkdaşı ilə mübahisə etmiş və onun paqonunu dartıb qoparmışdır. Hazırda etdiyi hərəkətə görə səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru X5 izahatında göstərmişdir ki, 07 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçələrinin kəsişməsində xidməti fəaliyyətlərini həyata keçirən zaman səki ilə piyada hərəkət edən bir nəfər şəxs aidiyyəti olmadığı halda onlara yaxınlaşaraq onlara maneçilik törətməyə başlamış, xidməti fəaliyyətlərini pozmuşdur. İçkili olması açıq-aydın görünən həmin şəxsə irad bildirərək mane olmamasını dəfələrlə təkid etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərinə son qoymamış, onun qanuni tələblərinə tabe olmamış, sonra əlqol ataraq xidməti geyim formasının paqonunu dartıb qoparmışdır. Buna görə məcbur olub həmin şəxsi ərazi üzrə 25-ci polis şöbəsinə aparmışlar. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X2, şahid H.E.Əliyevin izahatında göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında təqdim edilmiş bir ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı yuxarıda göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 07 fevral 2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur, lakin bunun ardınca onun sərxoşluq vəziyyəti yoxlanılaraq orta dərəcəli sərxoş olması müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablana bilməz, işin məhkəmə iclasında baxıldığı vaxtdan, 08 fevral 2023-cü il saat 15:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 08 fevral 2023-cü il saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar