Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-866/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə Moskva prospektində özünə məxsus “Hyundai Tucson” markalı avtomobillə hərəkət edərkən məcburi dayandığına görə saat 17:50 radələrində YPX ona yaxınlaşmış və Bakı şəhəri DYPİ polis mayoru X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz elsə də, inspektor razılaşmamış və protokolu onun təkidi ilə qərarsız yazmış, bir nüxsəsini ona təqdim etmişdir. Protokola Bakı şəhər DYPİ-də onun iştirakı olmadan baxılmış və xx xxxxxxxx 2020-ci il tarixində əsaslandırma olmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələbini pozmaqla 30 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Ona yazılan bu qərarsız protokol qərarlı olduğu müddətdən (xx.xx.2020) sonra onun hal-hazırda yaşadığı ünvana məktub formasında hələ də çatmamışdır. O, bu protokolu xx xxxxxxx 2020-ci il tarixində Bakı şəhər DYPİ-də 304 nömrəli otaqdan öz iştirakı ilə almışdır və dəftərxanada götürdüyü tarixdə möhür vurularaq ona təhvil verilmişdir, bu səbəbdən məhkəməyə gec məktub ünvanlamışdır. Onun etirazı ondan ibarətdir ki, həmin yerdə YPX əməkdaşı ona orada 346.1-ci maddəsini pozduğunu bildirmiş, o da əməkdaşa bir neçə dəqiqəyə gedəcəyini bildirmişdir (həyat yoldaşı və körpə övladı çöldən gələn pis yanacaq qoxusuna görə özlərini narahat hiss etmişlər və o, məcburi durmaq qərarı almışdır), lakin inspektor kənarda duran maşınları sanki görməzdən gələrək yalnız ona yaxınlaşmış və ona özünün təkidi ilə qərarsız protokol tərtib etmişdir. Hesab edir ki, qanun hər kəs üçün keçərlidir, amma inspektor digər nəqliyyat vasitələrinə yaxınlaşmamış və oradan uzaqlaşmışdır. Bunu orada quraşdırılmış Təhlükəsiz şəhər kameralarından da görmək olar. Beləliklə, hesab edir ki, burada hüquqları kobudcasına pozulmuşdur, onun iştirakı olmadan qərarlı protokol yazılmışdır və məktub rəsmi qaydada ünvanına hələ də çatmamışdır. İXP ******* saylı protokola Bakı şəhəri DYPİ tərəfindən çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, daha əvvəl məhkəmənin qərarı ilə onun şikayəti təmin edilmiş, üstündən aylar keçsə də, polis həmin qərardan şikayət vermişdir. Nəzərə alınmalıdır ki, həyat yoldaşı hamilə olmuş, çöldən gələn pis yanacaq qoxusuna görə özünü narahat hiss etmiş, ona görə “Şamaxinka” ərazisində avtomobili məcburi dayandırmalı olmuşdur. Kənarda eyni yerdə və eyni istiqamətdə digər nəqliyyat vasitələri dayansalar da, inzibati protokol yalnız onun barəsində tərtib edilmişdir. Hesab edir ki, bu halın özü də onun şikayətinin təmin edilməsi üçün əsasdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ DYPİnin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:50-də “Hyundai Tucson minik” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobillə Moskva prospektində hərəkətdə olarkən “dayanma qaydalarını pozmağa görə” xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, X1 şikayəti Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(007)-2523/2020 nömrəli qərarı ilə təmin edilərək Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Bakı şəhər BPİ DYPİ-nin apelyasiya qismən təmin olunaraq məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 3(007)-2523/2020 nömrəli qərarı ləğv olunmuş, inizbati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, X4 idarə etdiyi avtomobili dayanma-durmanın qadağan edildiyi yerdə saxlamağını faktiki təsdiq etmiş, lakin bunu “üzürlü səbəbdən” etdiyini bildirmiş və eyni zamanda hadisə yerində digər avtomobillərin olmasına baxmayaraq yol patrul xidməti əməkdaşının yalnız ona yaxınlaşmasını və barəsində inzibati protokol tərtib etməsini ədalətsiz hesab etmişdir. Birinci instansiya məhkəməsi isə şikayətdə qeyd edilən halları ətraflı yoxlamamış, hadisənin hallarını və səbəbini müəyyən etmək üçün heç kimi, o cümlədən fakt üzrə inzibati protokol tərtib etmiş yol patrul xidmətinin əməkdaşını dindirməmiş və bu hissədə heç bir araşdırma aparmadan həmin hallara qanuna müvafiq hüquqi qiymət verməmişdir. Bundan başqa, şikayətçi barəsində şikayət verdiyi qərarın qəbul olunmasına əsas olmuş protokolu deyil, digər inzibati xəta ilə bağlı protokolu təqdim etmişdir. Ona görə barəsində şikayət verilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərar barədə qəti fikir söyləmək mümkün deyil. Mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə inzibati orqanın nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakları ilə iş üzrə yeni araşdırma aparılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmənin istər inzibati xətalar qanunvericiliyinin tələbləri, istərsə də apelyasiya instansiya məhkəməsinin qərarında qeyd edilənlər baxımından məhkəmə tərəfindən zəruri tədbirlər görülmüş, xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş əməkdaşın səlahiyyətli nümayəndə ilə birlikdə məhkəmə iclasında iştirak etmələri, o cümlədən həmin inzibati xəta haqqında protokolun surətinin məhkəməyə təqdim edilməsi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 tələb edilmiş, lakin 12 fevral, 22 fevral və xx xxxxxx 2021-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında həmin şəxslərin iştirakı və müvafiq sübutların təqdim edilməsi təmin olunmamışdır. Ona görə məhkəmə şikayətə işdə olan və məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında baxmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Məlum olduğu kimi, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xətanın mahiyyəti X1 idarə etdiyi nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozmaqla bağlı olmuşdur. Lakin görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolun surəti məhkəməyə təqdim edilmədiyindən qərarın protokol əsasında və işin faktiki hallarına uyğun qəbul edildiyini müəyyən etmək mümkün olmamışdır, ona görə inzibati xəta hadisəsinin törədilib-törədilmədiyini, inzibati xəta törətmiş şəxsi, onun inzibati xəta törətməkdə təqsirini müəyyən etmək mümkün olmamışdır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, X4 şikayətində və məhkəmədə verdiyi izahatında yolda hərəkət zamanı məqliyyat vasitəsini dayandırdığını qeyd etsə də, bu dayanmanın “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qayda pozuntularına, nəticə etibarı ilə inzibati xətaya səbəb olması iş materialları və İXM-nin 76-cı maddəsi ilə müəyyən olunmuş müvafiq sübutlarla öz təsdiqini tapmır, törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altında olduğu halda, hadisənin görüntüləri elektron daşıyıcıda, onu almaq hüququ olan X3, eləcə də məhkəməyə təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, İXM-nin 8-ci maddəsi ilə müəyyən edilmiş norma baxımından həmin şəxsin göstərilən əməldə təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını nəzərə alaraq və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun əməlində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-866/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-866/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver