Məhkəmə qərarları › İş №3(007)-877/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-877/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-877/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv edilməsinə dair X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayətlə müraciət edərək EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, x xxxxxx 2020-ci ildə keçirilən Milli Məclisə seçkilərdə namizədliyini irəli sürmüşdür. Namizədliyi xx xxxxxx 2020-ci ildə qeydə alınmışdır. xx xxxxxx 2020-ci ildə “Nissan Versa” markalı, **-LB-*** dövlət nömrə nişanlı avtomaşını kirayə götürərək xx xxxxxx 2020-ci il tarixə kimi idarə etmişdir. Avtomobili idarə etdiyi dövrdə barəsində EQ 3044024, EQ 3046652, EQ 3052967, EQ 3099025, EQ 3100923, EQ 3105354, EQ ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında müvafiq olaraq cəmi 184 manat cərimə edilmişdir. Lakin bu protokol- qərarları (elektron qərarları) o, almamışdır. O, bu protokollar barədə avtomobili kirayə etdiyi şirkət ondan cərimə pullarını tələb etdikdə məlumat almışdır. DİN-nin BDYP İdarəsinə müraciət etmişdir. Bu səbəbdən müddəti buraxmamışdır. Seçki Məcəlləsinin 151-ci maddəsinə əsasən qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən qeydə alınmış namizəd bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, barəsində şikayət verdiyi qərar onun barəsində çıxarılmasa da avtomobili kirayə əsasında o, idarə etdiyi üçün cərimənin ödənilməsi ondan tələb edildiyindən və bu da onun hüquq və mənafelərinə toxunduğundan həmin qərardan şikayət vermişdir. Məhkəmədən EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət X7 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. - “xxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsi üçün yol vərəqəsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 verilmişdir. - 9 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, dairə seçki komissiyasının xx.xx.2020-ci il, 07/24 saylı qərarı ilə X1 Milli Məclisə seçkilər zamanı deputatlığa namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir. Həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən qeydə alınmış namizəd bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir. Həmin Məcəllənin 151-ci maddəsinə əsasən qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Azərbaycan Respublikası Baş prokurorunun razılığı ilə məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında müəyyən edildi ki, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X1 barəsində deyil, X2-in barəsində qəbul edilmiş və həmin qərarla X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət X2 tərəfindən deyil, X4 tərəfindən verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında X1 Milli Məclisə seçkilər zamanı deputatlığa namizəd kimi qeydə alındıqdan sonra Azərbaycan Respublikası Seçki Məcəlləsinin 70.1-ci maddəsində göstərilən müddətdə məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qalması sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv edilməsi barədə X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş tənbehin (cərimənin) ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar