Məhkəmə qərarları › İş №3(007)-888/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-888/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-888/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və icra sənədi üzrə tələbkar X4 nümayəndəsi X3 iştirakı ilə, X6, xx xxxx 1972-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 57 saylı evin 31 saylı mənzilində qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)- 5356/2016 saylı qətnaməsi ilə, X1 5.500 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsində ödənilmiş 30 manat dövlət rüsumunun X4 xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən X1 dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə X2 icra sənədi üzrə ödənilməmiş 5.530 manat borcu yaranmışdır. Buna görə də X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-5356/2016 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tələb könüllü müddət ərzində ödənilməmişdir. Sonrakı müddət ərzində borclu şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, izahatında isə borcunu tələbkarın xeyrinə ödəyəcəyini bildirsə də, hal-hazıradək borcunu ödəməmişdir. Borclunun bu cür hərəkətləri tələbkarın haqlı narazıçılığına səbəb olmuş, borclunun məhkəmə qərarının icrasına qərəzli olması müəyyən edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, o, maddi vəziyyəti ağır olduğuna görə tutulması Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-5356/2016 saylı qətnaməsi ilə qət edilmiş borc məbləğini birdəfəlik ödəyə bilməmişdir. Hazırda isə o, tələbkarla 500 manat borcun ödənilməsi barədə razılıq əldə etmişdir. Buna görə də onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyil və onun əməlində inzibati xəta tərkibi yoxdur. Sonda Şəxs, inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar X4 nümayəndəsi X7 məhkəmədə bildirdi ki, hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-5356/2016 saylı icra sənədi üzrə, borclu X6, ona icra vərəqəsi üzrə yığılmış borcdan 500 manat pulu ödəmiş və bu səbəbdən hazırda onlar razılıq əldə etmişlər. Buna görə də, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla X2Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-5356/2016 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar onun hərəkətləri icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi tövsif edilə bilməz. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar