Məhkəmə qərarları › İş №3(007)-890/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-890/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-890/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 azyaşlı uşağı olan, işləməyən, Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi ev 7A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 31 ünvanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən Nizami rayon Polis İdarəsinin əməkdaşlarının bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 16 radələrində Q.Qarayev prospektində hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini demişlər. Etiraf edir ki, polislərə qarşı kobudluq edərək sənəd verməkdən imtina etmişdir. Sonradan başa düşmüşdür ki, səhv etmişdir. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis kiçik serjantı X4 izahatında bildirmişdir ki, son vaxtlar cibgirlik hallarının artması ilə əlaqədar aparılan işlər çərçivəsində xx xxxxxx 2021-ci il tarixdə saat 16 radələrində Nizami rayonu, Q.Qarayev prospektində xidməti ərazidə olarkən, bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə edərək xidmət yoldaşı Qartal Əliyevlə birlikdə həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərini yerinə yetirməyərək bundan imtina etmiş, onlara kobud cavab vermişdir. Onların həmin şəxsi nizam-intizama dəvət edərək qanuni tələblərini yerinə yetirməklə bağlı təkrar təklifləri də nəticəsiz qalmışdır. Buna görə həmin şəxsi 25-ci Polis Şöbəsinə apararaq barəsində qanuni tədbir görülməsi üçün raportla müraciət etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olan Şəxsdur. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı X5, şahid P.Q.Qasımovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqları olmasını Azərbaycan Respublikası İXM-nin 32ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan tutma protokolundan görünür ki, Şəxs hazırkı işlə bağlı xx xxxxxx 2021-ci il saat 19:40-da tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçiyə dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxx 2021-ci il saat 19:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X3 Saxlanılma Mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar