Məhkəmə qərarları › İş №3(007)-899/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-899/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-899/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-“Pro Bono” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, Yataqxana, ev 30-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 112, mənzil 31-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (köhnə) 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 22 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan 108161 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(011)-2965/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə qeyd olunan borcu tələbkara ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə sözügedən qərar zərərçəkmiş şəxsin şikayətinə münasibətdə ləğv olunmuş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hal-hazıradək ötən müddətdə icra sənədi üzrə hər hansı ödəniş edilməmişdir, borclunun VÖEN əsasında qeydiyyatı aşkar olunmamışdır, icra sənədi üzrə borc məbləğinin çox olmasına, borclunun pensiya məbləği isə aşağı olduğuna görə tələbkar tutulmalı olan vəsaitin müvafiq hissədə borclunun pensiyasına yönəldilməsinə razı olmamışdır. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun səhhətində ciddi problemlər vardır, sayıqlama pozuntusundan əziyyət çəkir, ikinci qrup əlildir, adına hər hansı əmlak, gəlir yeri yoxdur. Yalnız əlilliyi ilə bağlı pensiya alır ki, vəkili tərəfindən icra məmuruna yazılı vəsatət verilərək tutmanın pensiyasının 50 faizinə yönəldilməsi təklif edilmiş, lakin təmin edilməmişdir. Başqa gəlir yeri olmadığına görə pensiyasından yığaraq 10 yanvar 2023-cü il tarixdə 150 manat, 19 yanvar 2023-cü il tarixdə 400 manat pul ödəmişdir. Bundan başqa, bir neçə borcludan onun xeyrinə 32056 manat məbləğində pul tutulması barədə məhkəmə qərarı çıxarılmışdır, həmin vəsaiti də tələbkara ödəmək niyyətindədir. Onun icra sənədinin icrasından yayınması üçün hər hansı qərəzi olmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru Nümayəndə izahatında göstərmişdir ki, borclu Şəxs sayıqlama xəstəliyi, dəlilik əlamətləri yoxdur, borclu dələduzluqla məşğuldur, onun dediklərinin hamısı cəfəngiyyatdır. Borclu artıq iki ildir ki, məsələni uzadır, icra sənədinin icrasını qəsdən təmin etmir, vaxt udur. Borclu icra məmurunun çağırışına da gəlmir, məcburi qaydada, axtarış qərarı əsasında gətirilmişdir. Tələbin borclunun pensiyasına yönəlməsinə razı deyil, borclu hər ay 100-200 manat ödəməklə 108 min manat pulu neçə ilə ödəyib qurtara bilər, bunu gözələməyə onun ömrü də yetməz. Borclu həmin borcun 50-60 min manatını birdəfəyə ödəsə, qalan məbləğin hissələrlə ödənilməsinə razı ola bilər. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, qeyd olunanlar işin icraatını istisna etmir, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarı qüvvədədir, onun hissələrlə ödənilməsi, tələbin borclunun pensiyasına yönəldilməsi ilə qərarlar qəbul edilməmişdir, eyni zamanda borc məbləğinin həcminə münasibətdə tələbkar həmin şərtlərlə razı olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, ikinci qrup əlil olmasını, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirildiyindən hüquqi yardım haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin (köhnə) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar