Məhkəmə qərarları › İş №3(007)-9/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-9/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-9/2021 07.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin YPX inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev küçəsi ev 245, mənzil 28-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 13:11-də idarə etdiyi “X7 5 minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İnzibati xəta haqqında işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmış, xx xxxxxx 2020-ci il tarixli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X1 apelyasiya şikayəti qismən təmin edilərək həmin qərar ləğv olunmuş, iş yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, “...birinci instansiya məhkəməsi tərəfindən tərtib olunmuş məhkəmə iclas protokolundan və xx xxxxxx 2020-ci il tarixli qərarından göründüyü kimi məhkəmə iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirdiyini qeyd etməklə, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “X7 5 minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etməsinin öz təsdiqini tapdığını göstərmiş, lakin həmin qayda pozuntularının məhz nələrdən ibarət olması və mütəmadiliyinin nədə ifadə olunmasını göstərməmişdir. Şikayət üzrə apellyasiya baxışı zamanı sözügedən videogörüntülər təkrarən tədqiq edilməklə, videogörüntülərdə hər hansı tarix və vaxtın əks etdirilmədiyi, inzibati xəta haqqında protokol tərtib olunmuş nəqliyyat vasitəsinin hərəkətdə olarkən bir neçə dəfə zolaq dəyişməklə manevr etdiyi və bu zaman dönmə işıqlarından istifadə etdiyi müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan faktiki hallara birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı qiymət verilmədən iş üzrə yekun qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlinə düzgün hüquqi qiymətin verilməsi və sonuncu tərəfindən inzibati hüquq pozuntusuna yol verilib-verilməməsinin aydınlaşdırılması üçün yuxarıda qeyd olunan halların araşdırılması mühüm əhəmiyyət kəsb edir...”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nin YPX inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə H.Əliyev prospektində hərəkəti zamanı qəza şəraiti yaratmamış, ictimai qayda pozuntusuna yol verilməmişdir, həmin şəxsin yalnız hərəkət istiqamətini dəyişdiyi qeydə alınmışdır. 30 saniyəlik videogörüntüdə sürücünün dəfələrlə həmin qayda pozuntusuna yol verdiyi görünür. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “X7 5 minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkət edib, “Koroğlu” metrostansiyası yaxınlığında körpüyə qalxarkən, polis əməkdaşı “saxla” işarəsi vermiş, o, avtomobili saxlamışdır. Polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğunu bildirərək barəsində protokol tərtib etmişdir. Hansı ki, o, avtoxuliqanlıq etməmiş, dönmə işığından istifadə edərək yolun ayrı-ayrı hissələrində iki dəfə hərəkət zolağını dəyişmişdir. Bu hal, qeydə alınmış videogörüntülərlə də təsdiq olunur. 15 ildir ki, avtomobil idarə edir, heç vaxt avtoxuliqanlıq etməmişdir, bu, onun yaşına da yaraşmır. Barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində bir ədəd “CD” disk iş materiallarına əlavə edilmişdir. Həmin videogörüntüdən görünür ki, “X7 5 minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti istiqamətində bir neçə zolaq dəyişməklə manevr etmiş, bu zaman dönmə işıqlarından istifadə etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun məhkəmədə bildirdiyi kimi, törədilməsi ehtimal edilən inzibati xəta zamanı ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi halları müəyyən edilməmişdir, yalnız avtomobilin bir neçə zolaq dəyişməklə manevr etməsi qərəzli avtoxuliqanlıq hərəkəti kimi qiymətləndirilmişdir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin mənasından göründüyü kimi, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi avtoxuliqanlıqla bağlı inzibati xətanı xarakterizə edir və əməli xarakterizə edən həmin əlamətlərin mövcudluğu mütləqdir. Hansı ki, baxılan işdə Şəxs tərəfindən qeyd olunan əlamətlərlə xarakterizə olunan inzibati xətaya yol verilməsi inzibati araşdırma zamanı müəyyən edilməmiş, bu barədə sübutlar müəyyən edilərək götürülməmiş, məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. “X7 5 minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkəti istiqamətində bir neçə zolaq dəyişməklə manevr etməsi isə, ayrılıqda “yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər” kimi xarakterizə oluna bilməz, həmin hərəkətlər nəticə etibarı ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla da, müəyyən olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 13:11-də idarə etdiyi “X7 5 minik” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən hərəkəti istiqamətində bir neçə zolaq dəyişməklə manevr etməsi avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospektində avtomobili idarə edərkən manevr qaydalarını pozmuşdur, hansı ki, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşür və əmələ hüquqi qiymət verilməlidir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə vəkilə dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar