Məhkəmə qərarları › İş №3(007)-9/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-9/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-9/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X11 nümayəndəsi X3 iştirakları ilə, Heydər Əliyev adına X11 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 29 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Heydər Əliyev adına X12 902979.35 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 10 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 902979.35 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 11 oktyabr 2021-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun adından adından məhkəməyə yazılı vəsatət verilərək göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 18.6-cı maddəsinə əsasən Heydər Əliyev adına X12 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 29.11.2021-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. 30.12.2021-ci il tarixdə Mərkəzi Banka Azərbaycan Respublikasının Baş Nazirinin dərkənarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətləri ilə bağlı zəruri tədbirlər görülməsinə dair xüsusi tapşırıq daxil olmuşdur. X8 Şirkətinin müraciətində qaldırılan məsələnin əhəmiyyətini nəzərə alaraq, zəruri tədbirlərin görülməsi xahiş olunmuşdur. Müraciətdə mövcud vəziyyətin mürəkkəbliyini nəzərə alaraq, NEZ-in Modernizasiyası və Yenidənqurulması layihəsi çərçivəsində, istehsalı tam olaraq tamamlanmamış və ölkəyə idxalı hələlik təmin edilə bilməyən FKK reaktorunun istisna hal olaraq qəbul edilməsinə və ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunması müddətinin 2023-cü ilin sonuna qədər uzadılmasına dair köməklik göstərilməsi xahiş edilmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə görə Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin (avans ödənişləri daxil olmaqla) icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı işdə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Nəzərə alınması xahiş edilmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Heydər Əliyev adına X12” ASC-nin nümayəndəsi protokola dair yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Heydər Əliyev adına X12 barəsində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddələrinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında 3(007)- 3092/2021 nömrəli inzibati işlə bağlı aşağıdakıları bildirirlər: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 29.11.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokoldan da göründüyü kimi Heydər Əliyev adına X12 672138.49 ABŞ dolları məbləğində pul vəsaitini 10.10.2019-cu il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 11 oktyabr 2021 -ci il tarixdə törədilmişdir. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3.-cü bəndinə uyğun olaraq 14.10.2021-ci il tarixli məktubla pozuntu barədə Mərkəzi Banka məlumat vermişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən 29.11.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilən zaman bir sıra pozuntulara yol verilmişdir. Belə ki, pul vəsaiti avans olaraq 10.10.2019-cu il tarixdə xaricə köçürülmüş, inzibati xəta 11.10.2021-ci il tarixdə baş vermiş, 29.11.2021-ci il tarixdə ******* nömrəli protokol tərtib edilmişdir. Protokol tərtib olunan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin, yəni Heydər Əliyev adına X11 nümayəndəsi dəvət olunmamışdır. Göründüyü kimi, inzibati xəta 11.10.2021-ci il tarixdə aşkar olunsa da, protokol 29.11.2021-ci il tarixdə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar (Fəsil 34) kateqoriyasına aid olmaqla onun adı İXM-in 102.1-ci maddəsində sadalanmış inzibati xətalar sırasında yoxdur. Bundan başqa, MN ******* nömrəli, 29.11.2021-ci il tarixli protokol Mərkəzi Bankın inzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı mütəxəssisi X4 tərəfindən tərtib edilmiş və imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23 fevral 2017-ci il tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanlarına müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin və rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi təsdiq edilmişdir: Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev; Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov; X7 Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov. İnzibati xətalar haqqında işlər üzrə qərar və qərardadlardan verilən şikayətlər üzrə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Mərkəzi Bankın adları yuxarıda qeyd edilən vəzifəli şəxsləri tərəfindən tətrtib edilir. Göstərilənlərə əsasən Heydər Əliyev adına X12 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddələrinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən 29.11.2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol qanununvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən onun tərtib etmiş orqana geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 Bankın Baş direktorunun adından verilmiş yazılı vəsatətdə qeyd olunan əsasların nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Heydər Əliyev adına X11 nümayəndəsi X5 yazılı etirazının dəlillərini müdafiə etmiş, bununla yanaşı protokol tərtib edən orqanın vəsatəti əsasında iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Heydər Əliyev adına X11 əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Heydər Əliyev adına X12 tərəfindən "xxxx" ASC vasitəsi ilə 10 oktyabr 2019-cu il tarixdə 902979.35 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Heydər Əliyev adına X11 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Hazırkı halda nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın rəhbəri, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru məhkəməyə yazılı vəsatət verərək Azərbaycan Respublikasının Baş Nazirinin dərkənarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müraciətləri ilə bağlı zəruri tədbirlər görülməsinə dair xüsusi tapşırıqda qoyulan məsələnin həlli ilə bağlı, habelə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməməsi, başlanmış icraata xitam verilməsi barədə Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın müraciətində göstərilənlər nəzərə alınmaqla, Heydər Əliyev adına X11 əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, yuxarıda müəyyən olunmuş əsaslarla iş üzrə icraata xitam verilməli olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin yazılı etirazında irəli sürülən əsasların yoxlanılaraq hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Heydər Əliyev adına X11 əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar