Məhkəmə qərarları › İş №3(007)-90/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-90/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-90/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, “X6” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 24 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən “X6” MMC 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə məcburi auditini aparmamışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6” MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, ilk növbədə auditor rəyinin verilməsi barədə Maliyyə Nazirliyinin bildirişləri və ya digər sorğular MMC-yə daxil olmamışdır. Belə ki, MMC-nin hüquqi ünvanı ünvan 1kı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ev 44/2, mənzil 17 ünvanında yerləşirlər. Bundan başqa, müstəqil auditorla 26 noyabr 2021-ci il tarixdə müqavilə bağlamışlar, həmin müqavilə əsasında audit yoxlaması aparılaraq 03 dekabr 2021-ci il tarixdə rəy verilmişdir. MMC-nin barəsindəki inzibati xəta haqqında protokol isə bundan sonra, 24 dekabr 2021-ci il tarixdə tərtib edilmişdir. Qeyd etdiklərini və təqdim etdikləri sübutları nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, “X6” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar auidit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq təmin edirlər və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və X2 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. Bu halda mikro sahibkarlıq subyektləri mühasibat uçotunu, tətbiq etdiyi standartlardan asılı olaraq, bu Qanunun 8.1-1-ci və ya 10.1.1-ci maddələrində nəzərdə tutulmuş uçot qaydalarına uyğun aparırlar. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, növbəti il üçün illik maliyyə hesabatlarını Kiçik və X2 üçün X1 Standartlarına və ya X1 Standartlarına uyğun tərtib etmək qərarını, uçot siyasətində əks etdirməklə, cari ilin dekabr ayının 31-dək qəbul edir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X6” MMC tərəfindən 26 noyabr 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında 2019-cu il üzrə maliyyə hesabatının məcburi auditi aparılmış, müstəqil auditorun 03 dekabr 2021-ci il tarixli rəyi verilmişdir. Həmin rəy Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vaxtında təqdim edilmədiyindən MMC-nin barəsində 24 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə işin faktiki hallarını, müstəqil auditorun rəy verməsi üçün müqavilənin 26 noyabr 2021-ci il tarixdə bağlandığını, müqavilə əsasında audit yoxlamasının aparılaraq 03 dekabr 2021-ci il tarixdə rəy verildiyini nəzərə alaraq, hesab edir ki, MMC-nin təqsirli bilinərək inzibati qaydada tənbeh olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X6” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni həmin MMC qanunvericiliklə nəzərdə tutulmuş halda həyata keçirilməli olan məcburi auditdən yayınmadığına görə “X6” MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar