Məhkəmə qərarları › İş №3(007)-901/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-901/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-901/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Nəqliyyat Agentliyi tərəfindən 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 Bakı Nəqliyyat Agentliyinin 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Ravon Nexsia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Q.Qarayev prospektində ani olaraq saxlamış və dərhal da hərəkəti davam etdirmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Bu qərar tamamilə qeyriqanuni və əsassızdır, qərar qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Qeyd olunmalıdır ki, onun dayanma və durma qaydalarını pozma tarixi xx.xx.2022-ci il tarix göstərilir, lakin heç bir protokol tərtib edilmədən 4 ay sonra qərar çıxarılmışdır. Qeyd edir ki, inzibati xətanın qeydə alınması “Hikvision” vasitəsilə alınması göstərilmişdir. Halbuki AR İXM-nin 124.4-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompiiter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir. O, həmin vaxt avtomobildə olmuş və qanunvericiliyin qeyd edilən norması pozulmuşdur. Onun tərəfindən yol hərəkəti qaydaları pozulmasına yol verilməmişdir, belə ki, həmin ərazidə dayanacaq yoxdur, həmçinin dayanma və durmanı qadağan edən işarələr yoxdur. Bu hallar qətiyyən araşdırılmamışdır və qərar çıxarılmışdır. Bu qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlində AR İXM-nin 346.1-ci maddəsinin tərkibi yaranmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də, şikayətinin təmin edilməsini xahiş etdi. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət ərizəsinə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı Nəqliyyat Agentliyinin 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə, saat 13:42-də, “Ravon Nexia R3 minik” markalı, az ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta törətmiş və barəsində 20 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin: 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. Göründüyü kimi, iş materialları ilə sübuta yetirilir ki, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbi pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı Nəqliyyat Agentliyinin 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin 22 avqust 2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar