Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-906/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gürcüstan Respublikası, Bolnisi rayonu, Qarakel kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu, yeni tikilidə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Pİ-nin DYPŞ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:30-da “Hyundai Sonata minik” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozaraq, yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq, sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda istinad edilmiş hüquq normalarının tələbinə əsasən inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi isaiqamətində hərəkətdə olmuşdur. Avtomobili R.Rüstəmov küçəsində işıqforun qırmızı işığında saxlamış, işıqforun yaşıl işığı yandıqdan sonra 5 km/saat sürətlə hərəkətə başlayan zaman yolu soldan sağa keçən piyadanı görərək dərhal avtomobilin əyləcinə basmışdır. Buna baxmayaraq avtomobilin qabaq sağ hissəsi piyada qadına dəymiş, qadın yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb yerə düşərək piyada qadına, sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmış, onu öz avtomobilinə mindirərək 3 saylı X1 aparmışdır. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş və onda heç bir xəsarət aşkar olunmadığı üçün evə buraxmışlar. Hadisənin səhəri o, Zərərçəkmiş şəxs Mərkəzi Kilinik Xəstəxananın poliklinikasına aparmış, orada onu müayinə etmiş, ciddi xəsarəti olmadığı üçün evə buraxmışlar. Zərərçəkmiş şəxs bir ay işləməyəcəyini bildirmiş, ona görə ona 475 manat pul vermişdir. Sonra Zərərçəkmiş şəxs ondan 200 manat əlavə pul almasına baxmayaraq yenə də pul istəmiş, imkanı olmadığını bildirdikdə o, polisə şikayət edəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən piyadalar üçün nəzərdə tutulan piyada keçidindən yolu soldan sağa keçən zaman R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan “Hyundai Sonata” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Orada olan tanımadığı şəxslər köməklik göstərərək onu yerdən qaldırmışlar, adını sonradan bildiyi avtomobilin sürücüsü Şəxs yaxınlaşaraq xəsarət aldığını görüb onu avtomobilinə mindirərək 3 saylı X1 aparmışdır. Yolda gedən zaman Şəxs nə xəsarət almışsa bütün xərclərini ödəyəcəyini deyərək şikayətçi olmamasını, xəstəxanada həkimlər soruşanda yıxılaraq xəsarət aldığını deməsini xahiş etmişdir. O, Şəxs dediklərinə inanaraq xəstəxanada həkimlər onu müayinə edən zaman yıxılaraq xəsarət aldığını yalandan bildirmişdir. Həkimlər ilkin tibbi yardım göstərərək onu evə buraxmışlar. Hadisənin səhəri günü Şəxs onu Mərkəzi Kilnikaya aparmış, orada həkimlər onu müayinə etmiş, sağ ayaq nahiyədə sınıq aşkar etmişlər. Lakin sonra onu evə buraxmışlar. O, ev şəraitində müalicə alsa da, Şəxs onunla maraqlanmamışdır. O, dəfələrlə əlaqə saxlayaraq gəlib onu xəstəxanaya aparmasını desə də, Şəxs gəlməmiş, ona görə məcbur olaraq xx xxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Şəxs barəsində inzibati qaydada tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Pİ-nin DYPŞ-si nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə həmin orqanınnümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxx 2020-ci il tarixli 199 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ ağ ciyərin aşağı payında məhdud (ocaqlı) əziyi ilə müşayiət olunan döş qəfəsinin əziyi və sağ incik sümüyünün yuxarı 1/3-nin natamam yerdəyişmiş sınığı olmuşdur. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs döş qəfəsində aşkar edilmiş xəsarətin qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs sağ incik sümüyünün yuxarı 1/3-də aşkar edilmiş natamam yerinidəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlğa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs adına xx.xx.2020-ci il tarixdə çəkilmiş rentgenoqrammasının rentgenoloji rəyinə əsasən bu sınığın əmələ gəlmə müddəti xx.xx.2020-ci tarixli rentgenoloji müayinədən 10 gunə qədər əvvəl vaxta uyğun gələ bilər və bu xəsarətin xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması inandırıcı deyildir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxx 2020-ci il tarixli 8/439 nömrəli rəyindən görünür ki, “Hyundai” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən HK1- 117 nömrəli material üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ DYPŞ-nin vasitəsi ilə məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, məhkəmə həmin izahatı onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-906/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-906/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver