Məhkəmə qərarları › İş №3(007)-909/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-909/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-909/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Mərkəzi Bankın nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 05 aprel 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 390000,00 ABŞ dolları məbləğində vəsaiti 26 fevral 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 12900,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs QSC-nin barəsində tərtib olunmuş 05 aprel 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi X4 izahatında göstərmişdir ki, "xxxx" ASC-dən daxil olmuş sənədlərə əsasən, Şəxs QSC tərəfindən 390000,00 ABŞ dolları məbləğində vəsait 26 fevral 2020-ci il tarixdə xaricə köçürülmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq 12900,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Fakla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC-nin barəsində 05 aprel 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə Şəxs QSC tərəfindən xaricə köçürülmüş 390000,00 ABŞ dolları məbləğində vəsaitin qalan 12900,00 ABŞ dolları, Azərbaycan manatına olan məzənnə ilə 21930,00 manat Şəxs QSC-nin kassa hesabına qaytarılmışdır. Bu barədə xx.xx.2021-ci il tarixli X6 təqdim edilmişdir. Şəxs QSC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, Şəxs QSCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs QSC tərəfindən 26 fevral 2020-ci il tarixdə xaricə köçürülmüş 390000,00 ABŞ dolları məbləğində vəsaitin 12900,00 ABŞ dolları məbləği hesabına alınan malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənədlər) 2 il müddətində banka təqdim olunmamış və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə, Şəxs QSC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olan 12900,00 ABŞ dolları məbləğində vəsaitin 20 %, yəni 2580 (iki min beş yüz səksən) ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar