Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-910/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı Metropolitenində Polis Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Bakı Metropolitenində Polis Şöbəsinin 10 aprel 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı Metropolitenində Polis Şöbəsinin 10 aprel 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı Metropoliteninin “Həzi Aslanov” metrostansiyasına daxil olmamışdan əvvəl metro kartına gediş haqqı üçün pul yükləmək məqsədilə terminala yaxınlaşmış və kartına pul yükləmişdir. Bundan sonra turniketə yaxınlaşarkən maskanı sifətinə taxmağa macal tapmamış həmin vaxt stansiyada xidmət üzrə növbə çəkən polis əməkdaşı onu saxlamaq üçün qəfildən səslənmişdir. Bu zaman o, bir anlıq duruxub dayanmışdır. Digər əlində də aptekdən aldığı dərman preparatları olan şəffaf polietilen paket olmuşdur. Polis əməkdaşı ona “keç, sonra şəxsiyyət vəsiqəsini təqdim elə” demişdir. Şəxsiyyət vəsiqəsinin hansı səbəbə görə ondan tələb etməsini bildirməmiş və vəsiqəni alandan sonra sürətlə xidməti yerinə gedib əlində planşetə oxsar cihazla ona tərəf qayıtmışdır. Bu zaman o, maskanı taxmışdır. Polis əməkdaşı şəxsiyyət vəsiqəsini həmin cihaza yaxınlaşdırıb nə isə qeydlər aparmış və vəsiqəni ona qaytarmışdır. Saxlanılmağının səbəbini soruşduqda polis əməkdaşı ona bildirmişdir ki, karantin rejimi dövründə fərdi qoruyucu vasitədən istifadə etmədiyi (maska taxmadığı) üçün cərimə olunur. Polis əməkdaşının barəsində tərtib etdiyi 09.04.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə 10.04.2022-ci il tarixdə çıxardığı inzibati tənbeh vermə haqqında qərarı aşağıdakı səbəblərə görə qanunsuz hesab edir: o, metropolitenin sıxlıq çox olduğu perron ərazisinə daxil olmamışdır, maskanı sifətinə taxmağa macal tapmamış və turniketə çatmamış polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı bu zaman saxlanılmağının səbəbini ona bildiməmiş və barəsində inzibati xəta haqqında elektron protokol tərtib etdikdən sonra israr etdiyinə görə bu barədə ona məlumat vermiş, beləliklə, inzibati iş üzrə prosessual qaydaları pozmaqla onu şifahi izahat vermək hüququndan məhrum etmişdir. Hesab edir ki, polis əməkdaşı ona “turniketi keç, sonra şəxsiyyət vəsiqəsini təqdim et” deməklə inzibati xəta törətməyi görüntüsünü yaratmış, barəsində inzibati xəta haqqında protokol və qərar tərtib etməklə ona qəsdən maddi ziyan vurmaq niyyətini güdmüşdür. Bunu da maddi vəziyyətinə kifayət qədər mənfi təsir edəcək amil kimi qiymətləndirir. Ona görə də, Daxili İşlər Nazirliyinin 09.04.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə 10.04.2022-ci il tarixdə barəsində çıxardığı inzibati tənbeh vermə haqqında qərarını əsasız hesab edir və məhkəmədən həmin qərarın ləğv edilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş edir. Daxili İşlər Nazirliyinin 09.04.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə 10.04.2022-ci il tarixdə barəsində çıxardığı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, turniketə yaxınlaşarkən maskanı sifətinə taxmağa macal tapmamış polis əməkdaşı onu saxlamışdır. Polis əməkdaşı planşeti gətirməyə gedərkən o, maskanı taxmış, polis əməkdaşı ona cərimə yazdığını bildirdikdə, maskanın üzündə olduğunu demiş, polis əməkdaşı isə ona demişdir ki, o, saxlayan anda üzündə maska olmamış, dedikdən sonra taxmışdır. Hesab edir ki, qeyd edilənlər əsassızdır, turniketə çatmamış saxlanıldığı yer qapalı məkan sayıla bilməz, qapalı məkan dörd tərəfi bağlı olan yer sayılır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı Metropolitenində Polis Şöbəsinin nümayəndəsi X7 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol qanuni əsaslarla yazılmışdır, xətanın törədildiyi yer qapalı məkan sayılır, hansı ki, qapalı məkanda tibbi maskanın taxılmaması Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qadağaların pozulması, inzibati xətanın törədilməsi ilə nəticələnir. Şikayətin təmin olunmamasını, mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri X5 izahatında göstərmişdir ki, 09 aprel 2022ci il tarixdə “Həzi Aslanov” metrostansiyasında xidmətdə olduğu zaman, sonradan tanıdığı X2 turniketə yaxınlaşdığını, lakin karantin qaydalarının tələblərini pozaraq üzündə tibbi maska olmadığını müşahidə edərək onu saxlamış, inzibati xəta pozuntusunu izah edərək barəsində elektron protokol tərtib etmişdir. X6 həmin yerin qapalı məkan olmadığını iddia etsə də, metrostansiyanın pilləkənlərindən düşməyə başlayan sahədən artıq qapalı məkan sayılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri X1, T.D.Muradovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri X5 tərəfindən tərtib olunmuş 09 aprel 2022-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 09 aprel 2022-ci il tarixdə metronun “Həzi Aslanov” stansiyasının girişində karantin qaydalarını pozaraq qoruyucu tibbi maskadan istifadə etməməklə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Bakı Metropolitenində Polis Şöbəsinin 10 aprel 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X6 09 aprel 2022-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə və 09 aprel 2022-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X6 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Bu Qərarların tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X6 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə baxmayaraq, 09 aprel 2022-ci il tarixdə həmin qaydaları pozaraq fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, qərardan şikayət vermiş X2 özü yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, onun irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. X2 mübahisələndirdiyi hal, yalnız onun saxlanılma yerini qapalı məkana aid etməməsi ilə bağlıdır, onun özünün də etiraf etdiyi kimi, X2 tibbi maskadan istifadə etməməsini polis əməkdaşı turniket sahəsində aşkar etmişdir, hansı ki, turniket sahəsi hətta metroya gedən yeraltı keçidindən də içəridə yerləşir və yerləşmə sahəsinə görə qapalı məkan sayılır, fiziki şəxslər metronun yerləşdiyi və fəaliyyət göstərdiyi sahəyə daxil olduqda artıq qapalı məkanda hesab olunduqlarından tibbi maskadan istifadə etmələri zəruri olmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 10 aprel 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Metropolitenində Polis Şöbəsinin 10 aprel 2022-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-910/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-910/2022
13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver