Məhkəmə qərarları › İş №3(007)-911/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-911/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-911/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 01 iyul 1972-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 23 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Daxil olmuş sənədlərdən və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Toyota Prius” markalı ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 xx.xx.2022-ci il tarixdə saat 11:15-də H.Əliyev prospekti ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. X1 Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verərək, qərarın ləığv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Halbu ki, barəsində qəbul olunmuş bütün cərimələri 18 dekabr 2021-ci il tarixdə ödəmişdir. Bu barədə məhkəmədə vəsatət qaldırdıqdan sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə, nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Buna baxmayaraq, Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə 200 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhər DYPİnin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin şikayəti əsasında, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayətdə götərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, X2 izahatını dinləyib, daxil olmuş şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2021ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş və sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İnzibati işdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, X2 nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, X2 nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı, həmin Məhkəmənin 21 fevral 2022-ci il tarixli qərarı ilə ləğv olunduğu halda, Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati işdə olan sənədlərdən görünür ki, X2 nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə həmin Məhkəmənin 21 fevral 2022-ci il tarixli qərarı hal hazırda qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına isə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar