Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-912/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 29 dekabr 2020-ci il tarixdə COVİD-19 pandemiyası nəticəsində ölkədə sms icazə sisteminin tətbiqi vaxtı 2 saatlıq icazə götürərək qohumu 2005-ci il təvəllüdlü X1 “Turan Klinikası”na müalicə kursu qəbul etmək üçün apararkən yolda polislər vasitəsi ilə icazəsinin olub-olmaması yoxlanılmışdır. Daha sonra polis əməkdaşı icazəsi olduğuna görə yoluna davam etdirməyini bildirmişdir. Binəqədi rayon polis idarəsinin 4-cü PB tərəfindən 29 dekabr 2020-ci il tarixdə polis yoxlanışı keçirilsə də, 2022-ci ilin fevral ayında COVİD-19 əleyhinə peyvəndin 3-cü dozasını qəbul edərkən ona məlum olmuşdur ki, 29 dekabr 2020-ci il tarixdə Binəqədi RPİnin 4-cü PB-nin əməkdaşları tərəfindən MN ******* nömrəli, 29 dekabr 2020-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29.12.2020-ci il tarixli qərar qəbul edilmişdir. Hazırda həmin Qanun qüvvəsini itirdiyinə görə Binəqədi RPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş MN ******* nömrəli, 29 dekabr 2020-ci il tarixli protokolun və inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29.12.2020-ci il tarixli qərarın da ləğv edilməsi üçün əsas yaranmışdır. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-ci polis bölməsi tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında ******* nömrəli, 29.12.2020-ci il tarixli protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında ******* nömrəli, 29 dekabr 2020-ci il tarixli qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bununla yanaşı, X4 ayrıca yazılı vəsatətlə məhkəməyə müraciət edərək Əfqanıstan və birinci Qarabağ müharibəsi veteranı olduğunu, müharibənin törətdiyi fəsadlardan dolayı səhhətinin günü-gündən pisə doğru getdiyini göstərmiş və inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 müddətin bərpasına dair vəsatətin və şikayətin dəlillərini müdafiə edərək, vəsatətin və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə X2 qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpası barədə vəsatətini müzakirə edib, işin faktiki hallarını nəzərə almaqla, hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bundan başqa, məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 29 dekabr 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozaraq Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin polis sahə rəisi Kənan Cəfərov tərəfindən qəbul olunmuş 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, X4 barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarının 1-ci hissəsinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, həmin Qərarın 2-ci hissəsinə əsasən Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Belə ki, Qərarın 2.7-ci hissəsinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, 4 rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X4 Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilmiş qaydada sms icazə almaqla yaşayış yerini tərk edərək qohumunu tibb müəssisəsinə aparmışdır, “Turan Hospital”dan (“Turan klinikası”) verilmiş 18 fevral 2022-ci il tarixli 1366 nömrəli arayışda göstərilmişdir ki, 1963-cü il təvəllüdlü X4 29 dekabr 2020-ci il tarixdə 11:55 radələrində “Turan klinikası”nda pediatriya şöbəsində qohumu 2005-ci il təvəllüdlü X1 həkim müalicəsinə gətirmiş, ciddi rejimli karantin olduğundan həmin şəxsə müayinədə olmaları haqqında arayış təqdim olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, X4 tərəfindən 29 dekabr 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol verilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsi qərarın əsaslılığına, şikayətdə irəli sürülən dəlillərin və təqdim edilən sübutların əsassızlığına dair sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının onun tərəfindən 29 dekabr 2020-ci il tarixdə pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X2 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin, X2 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət onun tərəfindən üzrlü səbəbdən ötürülmüş hesab edilərək ona münasibətdə həmin müddət bərpa edilsin. Şikayət təmin edilsin, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilməsinə dair 29 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-912/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-912/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver