Məhkəmə qərarları › İş №3(007)-921/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-921/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-921/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin 10 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin 10 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru X1 10:52 radələrində onun idarə etdiyi avtomobili saxlayaraq şəhərə çıxmaq üçün icazəsi olub-olmadığını yoxlamaq üçün sənədlərini istəmişdir. O, telefonundakı SMS-i polis işçisinə göstərmişdir. Polis işçisi demişdir ki, telefonla yoxlamırlar, şəxsiyyət vəsiqəsini versin, öz portallarında yoxlayırlar. Polis işçisi şəxsiyyət vəsiqəsinə baxandan sonra ondan heç nə soruşmamış, şəxsiyyət vəsiqəsini özünə verərək demişdir ki, gedə bilər. Polis işçisi ona əlavə olaraq heç bir söz deməmişdir. Təqribən bir neçə gün əvvəl poçta gedərək telefon pulu ödəmək üçün şəxsiyyət vəsiqəsini poçt işçisinə vermiş, poçt işçisi şəxsiyyət vəsiqəsinə baxıb demişdir ki, 200 manat cəriməsi vardır. Sonra öyrənmişdir ki, həmin cəriməni ona 10 yanvar 2021-ci il tarixdə Binəqədi rayonu ərszisində polis serjantı X7 barəsində İXP ******* saylı, 10 yanvar 2021-ci il tarixli protokol tərtib etmiş və həmin protokol əsasında barəsində TP 413006 saylı, 10 yanvar 2021-ci il tarixli qərarla onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat cərimə etmişdir. 10 yanvar 2021-ci il tarixdə onun rəsmi olaraq şəhərə çıxmaq üçün SMS-i olub. Polis işçisi onu saxlayanda telefonundakı SMS-i polis işçisinə göstərmişdir. Polis işçisi telefonunda olan SMS-ə baxandan sonra demişdir ki, şəxsiyyət vəsiqəsini versin, şəxsiyyət vəsiqəsi ilə yoxlayırlar. O, şəxsiyyət vəsiqəsini də polisə təqdim etmişdir. Polis işçisi şəxsiyyət vəsiqəsini alıb baxandan sonra, ona heç nə deməmiş, yanında protokol tərtib etməmişdir. O, polisin onun barəsində protokol tərtib etməsini sonradan, bir neçə gün əvvəl poçtda telefon pulunu ödəyərkən öyrənmişdir. Hesab edir ki, 10 yanvar 2021-ci il tarixdə polis serjantı tərəfindən tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul olunmuş qərar qanunsuz və əsassızdır və etibarsız hesab olunmalıdır. Onun faktiki olaraq 10 yanvar 2021-ci il tarixdə şəhərə çıxmaq üçün telefonunda SMS-i olub və o, həmin SMS-i polis işçisinə göstərmişdir. Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X4 onun barəsində tərtib etdiyi 10 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektoru tərəfindən tərtib olunmuş 10 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 10 yanvar 2021-ci il tarixdə saat 10:52-də Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin 10 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 10 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və 10 yanvar 2021-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X6 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, müvafiq şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilməklə, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməli olduqları müəyyən edilmişdir. Qərarın 6-cı bəndinə əsasən bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qərardan şikayət vermiş X6 şikayətini əsaslandırarkən, mobil telefonunda SMS icazəsinin olduğunu, lakin həmin SMS-in silindiyini qeyd etmişdir. Bununla əlaqədar törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi 10 yanvar 2021-ci il tarixində X2 adına “Xüsusi Karantin Rejiminin X5 Alınması və Monitorinqi Sistemi”ndə qeydiyyatdan keçmiş icazənin mövcud olub-olmaması və həmin vaxt qüvvədə olub-olmaması barədə məlumatın əldə edilməsi üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “X3 Mərkəzi” X8 15 mart 2021-ci il tarixli MİHO/4.1.22-2-2021-114 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, 2021-ci il 10 yanvar tarixində sistemdə X2 (AZE08608427, FİN 26DVEFC) adına icazə qüvvədə olmamışdır. 29 iyun 2020-ci il tarixli 142-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və 10 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 10 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin 10 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar