Məhkəmə qərarları › İş №3(007)-930/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-930/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-930/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli 00100-1193/20 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********3288 sorğu nömrəli Gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirməklə, Gürcüstanda fəaliyyət göstərən “İntrade” LLC şirkətindən AQ-9.700 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 94/19 nömrəli xx.xx.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə göndərilmiş dərman vasitələrini Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinin tələblərinə riayət edərək malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında, yaxud gömrük anbarına yerləşdirilməli olduğu halda, həmin dərman vasitələrini saxlancın son müddəti 4 ay, yəni xx xxx 2020-ci il tarixədək başqa gömrük proseduru altında, yaxud gömrük anbarında yerləşdirməyib saxlanc qaydalarını (müddətlərini) pozmuşdur. Bundan başqa, Şəxs MMC xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********3288 sorğu nömrəli Gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirməklə, ünvan 1 ünvanda müvəqqəti saxlanca qoyduğu, Gürcüstanda fəaliyyət göstərən “İntrade” LLC şirkətindən AQ-9.700 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 94/19 nömrəli xx.xx.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə göndərilmiş dərman vasitələrinin idxalına Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən müvafiq icazə verilsə də, saxlanc müddəti ərzində digər gömrük prosedurunda yerləşdirmədiyindən, müvafiq olaraq gömrük ödənişlərini ödəmədiyindən və zəruri gömrük əməliyyatları aparılmadığından, görmük rəsmiləşdirilməsi başa çatdırılmamış, gömrük nəzarəti altında olan həmin dərman vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla “Navitas 1 Gr/5Mİ N10” markalı dərman vasitəsinin bir ədədinin dəyəri 2,17 ABŞ dolları (milli valyutaya nisbətdə 3,689 manat) olmaqla 3054,50 manat dəyərindəki 828 ədəd 904002 seriyalı hissəsi, 5349 manat dəyərindəki 1450 ədəd 906003 seriyalı hissəsini, yəni 8403,50 manat dəyərindəki dərman vasitələrinin ayrı-ayrı vaxtlarda satışını təşkil edib üzərində sərəncam verməklə qanunsuz əməliyyatlar aparmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xətanı etiraf edərək bildirmişdir ki, invoys sənədinin müşayiəti ilə göndərilmiş dərman vasitələri saxlanc müddəti ərzində digər gömrük prosedurunda yerləşdirilməmiş, MMC-yə məxsus digər anbara daşınmışdır. Səhiyyə Nazirliyi tərəfindən həmin dərman vasitələrinə icazə alınmış, lakin gömrük rəsmiləşdirilməsi aparılmamışdır. MMC-nin maliyyə vəziyyəti yaxşı olmadığına görə həmin dərman vasitələrinin bir hissəsi satılmışdır. Əməlləri səmimi etiraf edirlər. MMC-nin maliyyə vəziyyətinin ağır olmasının nəzərə alınaraq, yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda istinad edilmiş hüquq normalarının tələbinə əsasən inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 34/012/015369 nömrəli xx.xx.2020ci il tarixli raportdan, **********3288 sorğu nömrəli Gömrük bəyannaməsindən, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursundan çıxarışlardan, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məktubundan, xx.xx.2020-ci il tarixli yoxlama haqqında protokoldan, xx.xx.2020-ci il tarixli aktdan və işdə olan digər sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxx” MMC tərəfindən yuxarıda qeyd edilən qaydada inzibati xətaya yol verilmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 491.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin nümayəndəsinin əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 491.1-ci maddəsi ilə barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 8403,5 manatın 50 faizi məbləğində, 4201,75 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar