Məhkəmə qərarları › İş №3(007)-931/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-931/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-931/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Mərkəzi” MMC-nin nümayəndələri X2 və X3 iştirakı ilə, “X1 Mərkəzi” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən “X1 Mərkəzi” MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Ş.Ə.Vahidov tərəfindən xx.xx.2021-ci il tarixdə, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami RPİnin DYPŞ tərəfindən göndərilmiş “Kia Optima” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşının iştirakı ilə törədilmiş qayda pozuntusu ilə bağlı tərtib edilmiş protokolun icrası ilə əlaqədar olaraq avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə daxil olmuş bildirişə xx.xx.2021-ci il tarixli, 01/05-039 nömrəli cavab məktubu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmiş və xx.xx.2021-ci il tarixdə ünvana çatmışdır. Sənədlərdən də göründüyü kimi bildiriş “X1 Mərkəzi” MMC-yə daxil olduqdan 2 gün sonra cavablandırılaraq göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, bildiriş xx.xx.2021-ci il tarixdə xxxx tərəfindən imza edilərək götürülmüşdür. İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. “X1 Mərkəzi” MMC-yə göndərilmiş rəsmi sənədlərin qəbulu sənədlərlə iş üzrə iki məsləhətçiyə həvalə edilmişdir. Başqa hər hansı bir əməkdaşın sənəd qəbul etmək səlahiyyəti yoxdur. “X1 Mərkəzi” MMC-də xxxx adlı şəxs işləmir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq “X1 Mərkəzi” MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X5 məhkəmədən “X1 Mərkəzi” MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:55-də “Kia Optima” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Volodarski və Müzəffər Nərimanov küçələrinin kəsişməsində hərəkətdə olarkən üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur. “X1 Mərkəzi” MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin bildirişə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xəbərnamədə “xxxx” soyadlı şəxsə imza etdirilməklə xx.xx.2021-ci il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. - “X1 Mərkəzi” MMC tərəfindən Nizami RPİ-nin DYPŞ-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01/05-309 nömrəli məktubdan və qaimədən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:55-də “X1 Mərkəzi” MMC-nin mülkiyyətində olan “Kia Optima” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat verilmiş və məktub xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nə göndərilmiş, xx.xx.2021-ci il tarixdə “Həsənova” soyadlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixdə “Kia Optima” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomaşının iştirakı ilə törədilmiş qayda pozuntusu ilə bağlı tərtib edilmiş protokolun icrası ilə əlaqədar olaraq avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC tərəfindən qəbul edilmiş və həmin avtomobili idarə etmiş şəxs haqqında məlumat xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nə göndərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-nin müvafiq vəzifəli şəxsinə təqdim edilməsi, “xxxx” adlı şəxsin həmin MMC-nin vəzifəli şəxsi olması sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “X1 Mərkəzi” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X1 Mərkəzi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar