Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-935/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1, 452.3 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 12 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30 A ünvanda yerləşən Şəxs MMC-yə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 11 aprel 2022-ci il tarixdə dövlət qeydiyyatı olmayan, sertifikatı olmayan, dərman vasitələrinin satış məqsədilə saxlanılması, əczaçılıq ixtisasına malik işçinin sertifikasiyadan keçməməsi faktı aşkar olunduğuna görə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1, 452.3 əv 215.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1, 452.3 və 215.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 6000 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarından görünür ki, Şəxs MMC-nin barəsində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati işin baxılması vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1, 452.3 və 215.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati işə əlavə olunmuş 16 mart 2022-ci il tarixli 148 №-li qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30 A ünvanda yerləşən Şəxs MMC-yə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 11 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirli Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati işə əlavə olunmuş 28 mart 2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetrindən çıxarışdan görünür ki, Şəxs MMC-də yoxlamanın müddəti, yoxlanılan dövr, yoxlamanın hüquqi əsası, yoxlamanın tipi və yoxlayıcı şəxslərin kimliyi barədə məlumatlar vahid məlumat reyetrindən əks olunmuşdur. İnzibati işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 147 №-li Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30 A ünvanda yerləşən Şəxs MMC-yə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində planlı (növbəti) yoxlama keçirilmiş və Şəxs MMC-yə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində dövlət qeydiyyatı olmayan, sertifikatı olmayan, dərman vasitələrinin satış məqsədilə saxlanılması və əczaçılıq ixtisasına malik işçinin sertifikasiyadan keçməməsi kimi hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci madəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 əv 215.4-cü maddələrinə münasibətdə inzibati tənbeh tətbiq etmə müddətləri bitdiyindən həmin maddələr üzrə başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci madəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 əv 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-935/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-935/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver