Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-937/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 05 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 2 saylı yaşayış binasının qarşı tərəfindən MİHO-nun müvafiq rəyi olmadan 18 ədəd ağac və 4 ədəd kol bitkisinin götürülməsi (köçürülməsi) nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 2 saylı yaşayış binasının qarşı tərəfindən MİHO-nun müvafiq rəyi olmadan 18 ədəd ağac və 4 ədəd kol bitkisinin götürülməsi (köçürülməsi) müəyyən edilmiş və faktla bağlı 05 aprel 2022-ci il tarixli MN № 14933110 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs MMC çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir. Nizami rayonu, R.Rüstəmov küçəsi, 2 saylı binanın qarşısında yerləşən 18 ədəd ağac və 4 ədəd nar kolu tikinti işlərinin aparılmasına maneçilik törətdiyinə və işlərin aparılmasını geçikdirdiyi üçün texnikalar vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alınmadan kökündən torpağı ilə birlikdə çıxarılaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən və Şəxs MMC-yə məxsus olmayan boş torpaq sahəsinə köçürülərək əkilmişdir. Həmin ağacların köçürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy alınmalı olduğunu bilməmişlər. Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, inzibati işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 67029 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov, K.Babalkişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində, Qismət-M House” MMC-nin tikinti sahəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan 18 ədəd ağac və 4 ədəd kol bitkisinin götürülməsi (köçürülməsi) müəyyən edilmişdir. Faktla bağlı fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. İnzibati işə əlavə olunmuş və Şəxs MMC-nin direktoru Anar İbadov tərəfindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 37 nömrəli məktubdan görünür ki, Şəxs MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar, Nizami rayonu, R.Rüstəmov küçəsi, 2 saylı binanın qarşısında yerləşən 18 ədəd ağac və 4 ədəd nar kolu tikinti işlərinin aparılmasına maneçilik törətdiyi üçün texnikalar vasitəsi ilə kökündən torpağı ilə birlikdə çıxarılaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən boş torpaq sahəsinə köçürülərək əkilmişdir. Həmin ağacların köçürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2-ci maddəsinə əsasən, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253- 1.2.2-ci maddələri təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-937/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-937/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver