Məhkəmə qərarları › İş №3(007)-937/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-937/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-937/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında xx.xx.2022-ci il tarixdə, saat 10:38-də X7 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş əmək müfəttişi X4 tərəfindən 05 dekabr 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-17/2023 saylı qərardadına əsasən, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında xx.xx.2022-ci il tarixdə, saat 10:38-də X5 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Beləliklə iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi xx.xx.2022-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, işə baxılan vaxt artıq "xxxx" MMC-nin qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb etmə müddəti (üç ay) keçmiş, həmin müddət artıq xx.xx.2023-cü il tarixdə bitmişdir. Belə ki, inzibati xətanın törədildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 12 yanvar 2023cü il, “Azərbaycan” qəzeti, 13 yanvar 2023-cü il, № 7) ilə İXM-nin 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən inzibati xətanın törədildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddəti 3 ay müəyyən edilmiş, 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə sözügedən müddət İXM-nin 38.1-ci maddəsinin 2-ci cümləsində əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə 1 il olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 11-ci maddəsinin tələblərini və 2 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Qanunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, inzibati xətanın törədildiyi dövrdə qüvvədə olmuş inzibati məsuliyyətə cəlb etmə müddəti hazırda işə baxılan vaxt bitdiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar