Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-938/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1MC Rusiya Federasiyasında fəaliyyət göstərən “Tarvidjservis OOO” şirkəti ilə arasında bağlanılmış 01/2020 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********7531 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb dəyəri 5841 ABŞ dolları olan malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 5841 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublkasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərmişdir ki, Rusiya Federasiyasında fəaliyyət göstərən “Tarvidjservis OOO” şirkətinin nümayəndəsi tərəfindən 5841 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabına köçürülmüşdür. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 10 iyul 2020-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş «xalça yükləri» 24 iyul 2020-ci il tarixdə bəyan edilmiş gömrük bəyannaməsinə əsasən Rusiya Federasiyasına ixrac edilmişdir, lakin ixrac edilmiş 5841 ABŞ dolları (9929.70 manat) dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləği qanunvericilikdə nəzərdə tutulmuş müddətdə MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin MMC tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hüquqi şəxsin qanuni nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, sözügedən pul vəsaitinin MMC-yə ödənilməsi işin icraatına inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş «xalça yükləri» 24 iyul 2020-ci il tarixdə bəyan edilmiş gömrük bəyannaməsinə əsasən Rusiya Federasiyasına ixrac edilmişdir, lakin ixrac edilmiş 5841 ABŞ dolları (9929.70 manat) dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləğləri müvəkkil bank hesabına köçürülməmişdir. Hansı ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, 180 gün müddətin axımı vəsaitin bəyan edildiyi 24 iyul 2020ci il tarixdən başlanmış və 24 yanvar 2021-ci il tarixdə başa çatmaqla inzibati xəta, növbəti gündən törədilmiş hesab olunmalıdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş üzrə inzibati xəta haqqında protokol həmin müddət başa çatdıqdan 2 ildən artıq müddət keçdikdən sonra, 31 yanvar 2023-cü il tarixdə tərtib edilmiş, bu zaman protokol tərtib etmiş şəxs- törədilmiş inzibati xətanın uzanan inzibati xətalara aid olduğunu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən uzanan inzibati xətalara münasibətdə inzibati tənbehvermə müddətinin xətanın aşkara çıxarıldığı gündən hesablanmasını və qeyd edilən inzibati xətanın Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raportla aşkara çıxarıldığını nəzərə almaqla, MMC-nin əməlində İXM-nin 483-cü maddəsinin tərkib əlamətlərinin olmasının olduğunun müəyyən edilməsini qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir...”. Göründüyü kimi, artıq bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu vahid hüquqi mövqe formalaşdırmışdır və inzibati məsuliyyətə cəlb etmə müddəti barədə mövqe kifayət qədər geniş formada əsaslandırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtının 25 yanvar 2021-ci il tarix olması müəyyən edilməli, inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin və həmin məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-938/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-938/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver