Məhkəmə qərarları › İş №3(007)-94/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-94/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-94/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi ev 10, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 08 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, ondan 12 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 noyabr 2022-ci il tarixdən başlayaraq 31 dekabr 2022-ci il tarixədək hər ay 193 manat, 01 yanvar 2023-cü il tarixdən başlayaraq isə hər ay 220 manat sabit pul məbləğində alimentin, həmçinin 25 noyabr 2022-ci il tarixdən başlayaraq həmin uşağın 3 yaşına qədər hər ay 50 manat məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(007)-473/2023 nömrəli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 1450 manat məbləğində pulu ödəməyərək, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, borclunun "xxxx" MMC-də işləməsi müəyyən edildikdən sonra, icra sənədi üzrə borc məbləğinin borclunun əməkhaqqına yönəldilərək 1930 manat borc bitənədək hər ay 70% məbləğdə pul vəsaitinin tutulması üçün müvafiq sənədlər 12 sentyabr 2023-cü il tarixdə qeyd olunan MMC-yə göndərilmişdir. Borclunun əməkhaqqından bir dəfə tutulma aparılmış, hazırkı vəziyyətə 1450 manat borcu qalmışdır. Borclunun əməkhaqqı məbləğinin həcmi mövcud borcu tam təmin, əhatə etmir. Tələbkar isə yığılmış həmin borc məbləğinin birdəfəyə ödənilməsini tələb edir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 2023-cü ilin iyul ayından "xxxx" MMC-də usta işləyir, aylıq 350 manat əmək haqqı təyin edilmişdir, kartına 320 manat oturur. Tələbkara ümumilikdə 1560 manat, o cümlədən son dövrdə, yəni 06 noyabr 2023-cü il tarixdə 290 manat, 28 dekabr 2023-cü il tarixdə 200 manat, 08 yanvar 2024-cü il tarixdə 195 manat pul ödəmişdir. Qalan borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur, qalıq məbləği hissələrlə ödəyəcəkdir. Məhkəmənin icra sənədini icra etməkdən, aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmır. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə tələbkara hal-hazıradək 1755 manat ödəniş etmişdir, hazırda işə baxılan vaxt üçün 1255 manat məbləğində borcu qalmışdır. Hansı ki, borclu icra sənədi üzrə həmin borc məbləğini ödəməkdən qərəzli olaraq yayınmır, 12 sentyabr 2023-cü il tarixdən isə borc məbləğinin onun əməkhaqqından tutulması üçün müvafiq sənədlər borclunun iş yeri üzrə "xxxx" MMC-yə yönəldilmiş, icra sənədinin icrasına başlanılmışdır. Borclunun əməkhaqqından tutulma aparılmaqla yanaşı, o, 2023-cü ilin noyabr, dekabr aylarında və hazırkı vaxtda əlavə olaraq da ödənişlər etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, qalan borcunu ödəməkdən də yayınmır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar