Məhkəmə qərarları › İş №3(007)-951/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-951/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-951/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş Sıvrı Ahmet XXX nümayəndəsi Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Nümayəndə, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndələri X1 və X13 iştirakları ilə, Sıvrı Ahmet XXX Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Sıvrı Ahmet XXX Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 808888 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmişdir. Belə ki, sözügedən qərar onunla əsaslandırılmışdır ki, o, vətəndaşlar Şahid, X10, X11, X3, X4 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçmələri məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə almış, lakin həmin şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanılmamışdır. Bununla bağlı bildirir ki, yuxarıda adları çəkilən şəxslər şirkətin rəsmi işçiləri olublar və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələrinə xitam verilmişdir. X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibatı tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında məlumatı heç vaxt bilməmiş, məlumatı olmadan qeyri-qanuni protokol tərtib edilmişir. Şirkətlərinin hüquqi ünvanı ünvan 1 isə ünvan 2mış düşərgədir. Həmin qərarla ƏMAS üzərindən xx.xx.2025-ci il tarixdə tanış olarkən məlum olmuşdur ki, o, vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati qaydada 3000 manat cərimə edilmişdir. X16 Xidmətinin Bakı şəhər idarəsində müzakirə zamanı protokolu tərtib edən müfəttişlə qərarı verən rəis müavini ilə şifahi söhbət zamanı bildirmişdir ki, bu şəxslər onun rəsmi işçiləri olmuşlar və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən adları deaktivasiya olunmuşdur. Daha sonra soruşduqda ki, həmin sistemə nə zaman baxış keçirmisiniz, cavabında bildirmişlər ki, xx.xx.2025-ci il tarixdə baxılmışdır. İnzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X16 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən qanunsuz olaraq, heç bir araşdırma aparmadan onu vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 192.1-ci maddəsilə 3000 AZN qanunsuz olaraq cərimə etmişdir. Hesab edir ki, X16 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, “Əmək Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Şirkətin təklif etdiyi vəzifələrə işçi qüvvəsini təmin etmək məqsədi ilə yuxarıda qeyd olunan şəxslər üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə o məqsədlə alınır ki, vətəndaş iş sahələrində təklif olunan işlə, məişət şəraiti ilə, məvaciblə, əmək şəraiti və sair təminatlarla tanış olsun, əmək münasibətlərinin yaradılmasında maraqlı tərəflərdən biri olaraq və Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarından istifadə etməklə sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan istifadə etsin. Qətiyyətlə bildirirlər ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən alınan icazə iş icazəsi deyil, bu, həmin ərazilərə giriş icazəsidir. Qanunvericiliyin tələbləri tamamilə açıq və aydındır. Lakin X16 Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi tərəfindən inzibati icraat zamanı qanunvericiliyin tələblərini pozaraq ona qarşı qanuna zidd cərimə tətbiq edilmişdir. Ümumiyyətlə heç bir rəsmi sübut olmadan, heç bir əsaslandırma arqument göstərmədən yalnız işi başlarından etmək məqsədi ilə protokol tərtib edib cərimə yazmışlar. Göstərilənləri nəzərə alaraq, X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini müdafiə etmiş və X16 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin nümayəndənin digər məhkəmə iclaslarında iştirak etdiyini nəzərə alaraq, sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Sıvrı Ahmet XXX tərəfindən vətəndaşlar Şahid 07 yanvar 2025-ci il tarixdən, X14 10 yanvar 2025-ci il tarixdən, X15 10 yanvar 2025-ci il tarixdən, X7 07 yanvar 2025-ci il tarixdən, X8 23 dekabr 2024-cü il tarixdən qərarın qəbul edildiyi 31 yanvar 2025-ci il tarixədək işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, inzibati qaydada tənbeh edilmişdir. Bu məlumatlar DİN-in məlumat sistemində öz əksini tapmışdır. Qərar əsaslı olduğundan qüvvədə saxlanılmasını, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X19 şikayətin dəlilləri ilə razılaşmayıb qərarı müdafiə etmiş, şikayət əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin nümayəndələrin digər məhkəmə iclaslarında iştirak etdiklərini nəzərə alaraq, sonuncu məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, 09 sentyabr 2024-cü il tarixdə “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işə başlamış, həmin şirkətlə olan əmək müqaviləsinə 23 dekabr 2024-cü il tarixdə xitam verilmişdir. Sonuncu dəfə 2024-cü ilin sentybar ayında Daşaltında sürücü kimi işləmişdir. Lakin əmək müqaviləsinə xitam verildikdən sonra Qarabağa getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işə 10 iyun 2024-cü il tarixdə qəbul edilmiş, əmək müqaviləsinə 07 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. O, Şuşa şəhərində fəhlə olaraq işləmişdir, işdən azad olunduqdan sonra şirkətin hər hansı işi ilə bağlı Qarabağa getməmişdir. Qarabağ ərazisində işçi kimi sonuncu dəfə 2024-cü ilin iyul ayında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, o, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işə 12 iyun 2023-cü il tarixdə qəbul olunmuş, əmək müqaviləsinə isə 10 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. O, Qarabağda qalaraq işıqlandırmada işləmişdir. Lakin 10 yanvar 2025-ci il tarixdən oradan çıxmış və işləməmişdir. Şahid qismində dindirilməli olan Şahid məhkəmə iclaslarında bilavasitə iştirakını təmin etmək mümkün olmamışdır, ona görə işin faktiki halları nəzərə alınaraq, telefon zəngi vasitəsi ilə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmə iclasına qoşulması təmin edilmiş, həmin qaydada verdiyi izahatında Şahid göstərmişdir ki, o, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında 07 yanvar 2025-ci il tarixədək işləmiş, işdən azad olunandan sonrakı müddətdə Qarabağa getməmiş, həmin şirkət tərəfindən hər hansı işin görülməsinə cəlb edilməmişdir. Şahid qismində dindirilməli olan X9 məhkəmə iclaslarında bilavasitə iştirakını təmin etmək mümkün olmamışdır, ona görə işin faktiki halları nəzərə alınaraq, telefon zəngi vasitəsi ilə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmə iclasına qoşulması təmin edilmiş, həmin qaydada verdiyi izahatında X15 göstərmişdir ki, o, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında 10 yanvar 2025-ci il tarixədək işləmişdir. Səhətində problem olduğu üçün özü ərizə yazaraq işdən çıxmışdır. İşdən azad olunandan sonrakı müddətdə Qarabağa getməmiş, həmin şirkət tərəfindən hər hansı işin görülməsinə cəlb edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Sıvrı Ahmet XXX tərəfindən vətəndaşlar Şahid 07 yanvar 2025-ci il tarixdən, X14 10 yanvar 2025-ci il tarixdən, X15 10 yanvar 2025-ci il tarixdən, X7 07 yanvar 2025-ci il tarixdən, X8 23 dekabr 2024-cü il tarixdən hazırki tarixədək işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, 21 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, Azərbaycan Respublikası DİN-in məlumatına əsasən “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Şahid, X14, X15, X7 və X5 03 dekabr 2024-cü il tarixdən 02 fevral 2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərə getmək üçün icazə alınmışdır, həmin şəxslərin adına aktiv iş icazəsi vardır, lakin qüvvədə olan əmək müqavilələri mövcud deyildir; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyən X14 ilə bağlanmış 12 iyun 2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 10 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyən X8 ilə bağlanmış 09 sentyabr 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 23 dekabr 2024-cü il tarixdən xitam verilmişdir; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyən X15 ilə bağlanmış 11 iyul 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 10 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyən X7 ilə bağlanmış 10 iyul 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 07 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyən Şahid ilə bağlanmış 20 noyabr 2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 07 yanvar 2025-ci il tarixdən xitam verilmişdir; -“X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış 23 yanvar 2025-ci il tarixli CE-BA ***-**** nömrəli məktubun surətindən görünür ki, Filial olaraq işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun tikintisi layihələrində uğurla iştirak edirlər. Həmin ərazilərdə tikinti layihələrinin icrasını həyata keçirmək məqsədi ilə işçi qüvvəsinə ehtiyac yarandığından tərflərindən Agentliyə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə (portala) qeydiyyata salınmaları üçün işçilərin siyahısı göndərilmişdir. Odur ki, vətəndaşlar Şahid, X14, X15, X7 və X8 ilə şirkət arasında əmək münasibətlərinə xitam verildiyindən (əmək münasibətlərinin yaradılması mümkün olmadığından) həmin vətəndaşların “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən alınmış icazələrinin ləğv olunması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Nəzərə alınmalıdır ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, təqdim edilmiş sübut isə yalnız “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Şahid, X14, X15, X7 və X5 03 dekabr 2024-cü il tarixdən 02 fevral 2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərə getmək üçün icazənin alınması, həmin şəxslərin adına aktiv iş icazəsi olsa da, qüvvədə olan əmək müqavilələrinin mövcud olmaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə baxılan işə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarət araşdırma, hüquqi şəxs “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Sıvrı Ahmet XXX tərəfindən Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq şəxsi işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə qənaətə gəlinməsi üçün yetərli və əsaslı sayıla bilməz. İnzibati araşdırma orqanı adına icazə alınmış şəxslərin protokolda qeyd olunan tarixlər daxilində işğaldan azad olunmuş ərazilərə gedibgetməmələrini, oraya getdikləri halda isə, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməmələrini, bu işlərin həcmini, növünü, işlərin davam etmə müddətini, onlara bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsini və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Həmçinin, belə sübutlar olmadığı halda həmin icazənin adının “iş icazəsi” kimi adlandırılmasına da əsaslar yoxdur. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin rəhbərinin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxsin rəhbəri, vəzifəli şəxsi tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Buna baxmayaraq, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəzifəli şəxsinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab etmişdir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Sıvrı Ahmet XXX şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə həmin vəzifəli şəxsin əməlində inzibati xətanın tərkibi müəyyən edilmədiyinə görə, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “X12 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəzifəli şəxsi, direktoru Sıvrı Ahmet XXX Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 31 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar