Məhkəmə qərarları › İş №3(007)-957/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-957/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-957/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 28 mart 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, ünvan 1 ünvanda qeydiyyatda olan, X2 barəsində Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və inzibati tənbeh haqqında qərarın surəti dəfələrlə müraciət etsə də ona təqdim edilməmişdir. Nümayəndəsinin vasitəsi ilə müraciət etdikdən sonra xx.xx.2022-ci tarixdə protokolun və qərarın surəti rəsmi olaraq ona göndərilmişdir. Hadisə törədilən zaman ona qarşı təsir təzyiqlər edilmiş, həmin iş üzrə təhqiqatçı və sahə müvəkkili bir müddət sonra işlərində yol verdikləri nöqsana görə işdən azad edilmişlər. Hazırki iş üzrə Baş Polis İdarəsinə sorğu etdiyi zaman onun qohumu olduğu şəxsi döyməsi barədə ekspertiza rəyləri təqdim edilə bilməmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, X2 izahatını dinləyib, şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, inzibati iş üzrə Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Ç.Ə.Ramazanovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci madəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati işə əlavə olunmuş Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, “Protokolun surətini 20 il “ “ tarixində aldım :” qrafasında X2 həmin protokolun surətini almaqdan imtina etməsi haqqında qeydlər aparılmışdır. Halbu ki, X5 şikayətində dəfələrlə mürraciət etməsinə baxmayaraq həmin protokolun surətinin ona verilmədiyini qeyd etmişdir. İnzibati işə əlavə olunmuş xx.xx.2022-ci tarixli “Nümayəndə: X6” tərəfindən Azərbaycan Respublikasının Daxili X9 Eyvazova ünvanlanmış sorğu məktubda, təmsil etdiyi şəxs X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın rəsmi qaydada müvafiq ünvana göndərilməsi xahiş edilmişdir. İnzibati işə əlavə olunmuş Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin xx.xx.2022-ci il tarixli, ***-**** M-3222 nömrəli məktubundan görünür ki, X3 xx.xx.2022-ci tarixli müraciəti əsasında, nümayəndəsi olduğu X2 barəsində tərtib edilmiş protokolun surəti təqdim edilmişdir. Sənədlərə əsasən, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğu halda, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində tənbeh edilməsinə dair Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ tərəfindən MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə subyektin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş (digər növ inzibati xətalar istisna olmaqla) qaydada üç aylıq müddətin axımı başlayır və həmin müddətin başa çatması ilə subyektin barəsində fakt üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanunla istisna edilir. Məhkəmə həmçinin qeyd edir ki, X2 19 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında qənaətə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar