Məhkəmə qərarları › İş №3(007)-960/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-960/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-960/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs-X4 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, 29 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ev 86/19, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 19 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan X4 xeyrinə 01 iyun 2012-ci il tarixdən 31 dekabr 2012-ci il tarixədək olan dövr üçün 11 oktyabr 2006-cı il təvəllüdlü Raul adlı uşağın saxlanılması üçün hər ay hər uşağa görə 87 manat olmaqla cəmi 1044 manat alimentin, 01 yanvar 2013-cü il tarixdən başlayaraq 11 sentyabr 2005-ci il təvəllüdlü Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində, 01 yanvar 2013-cü il tarixdən başlayaraq 11 oktyabr 2006-cı il təvəllüdlü Raul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli 2(011)-29/2013 nömrəli icra sənədi üzrə 2118 manat borcu, bundan başqa qətnamənin qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 11 sentyabr 2005-ci il təvəllüdlü Leyla və 11 oktyabr 2006-cı il təvəllüdlü Raul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 170 manat olmaqla 340 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(011)-1783/2020 nömrəli icra sənədi üzrə 2800 manat borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə qeyd edilən məbləğlərdə aliment borcunu ödəməyərək, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəllər işlədikcə hər ay 250 manat aliment ödəmişdir, o cümlədən mart ayının 29-da da həmin məbləğdə ödəniş etmişdir. Hazırda işsizdir, daha artıq ödəniş etməyə maddi imkanı yoxdur, pulu olduqca borcunu ödəyəcəkdir. Bundan başqa onun başqa ailəsi, övladı vardır, onların da təminatını etməlidir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, borclu Şəxs icra sənədlərinin icrasından qərəzli yayınır, uşaqların saxlanılması üçün olan aliment borcunu ödəmir, pul əldə etmək üçün işləmir. Borclu Şəxs barəsində inzibati qaydada ciddi tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir, işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas olacaq hallar müəyyən edilməmişdir. Sözügedən maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X6 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar