Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-960/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sıra 1, Keçid 1, ev 82-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Xankəndi küçəsi, ev 60-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 dekabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 10 noyabr 2022-ci il tarixdə saat 08:40 radələrində idarə etdiyi “VAZ 21074” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi ilə Babək prospekti istiqamətində sağ hərəkət zolağı ilə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsi tormozladığına görə həmin nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün avtomobili sola istiqamətləndirərək ötmə əməliyyatı aparmaq istəmiş, bu zaman avtomobilin qabaq hissəsi qarşısında sola dönən “Kia” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsindən toqquşmuş, bundan sonra “Kia” markalı avtomobil fırlanmış və avtomobilin qabaq sol qapı hissəsi yolun kənarında dayanmış “Mercedes” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə “Kia” markalı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs (telefon əlaqəsi zamanı ziyanın ödənildiyi, şikayətçi olmadığı müəyyən edilmişdir) məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat təxminən 08:40 radələrində özünə məxsus “VAZ 21074” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi ilə Babək prospekti istiqamətində 60 km/saat sürətiə hərəkətdə olan zaman idarə etdiyi avtomobilin qarşısında olan nəqliyyat vasitəsi qəflətən sürətini azaltdığı üçün o, idarə etdiyi avtomobillə qarşısında olan avtomobilin arxa hissəsi ilə toqquşmamaq üçün sola çıxaraq ötmə əməliyyatı aparmaq istəyən zaman qəflətən qarşıdan “Kia” markalı avtomobilin sola döndüyünü görmüşdür. O, idarə etdiyi avtomobilin əyləcinə basmış, lakin avtomobilin qabaq hissəsi “Kia” markalı avtomobilin arxa sol yan hissəsindən toqquşmuşdur. Bundan sonra “Kia” markalı avtomobil fırlanaraq avtomobilin qabaq sol qapı hissəsi yolun kənarında dayanmış “Mercedes” markalı sərnişin avtobusunun qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı “Kia” markalı avtomobildə olan xanım sərnişin, sonradan tanıdığı Zərərçəkmiş şəxs xəsarət aldığı üçün o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Zərərçəkmiş şəxsin müalicəsi üçün maddi köməklik göstərərək onunla barışıq əldə etmişdir. Qeyd etdiklərini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatdan görünür ki, 10 noyabr 2022-ci il tarixdə saat təxminən 07 radələrində Mehdiabad qəsəbəsindən 1 manatlıq taksiyə minərək X2 yaxınlığında yerləşən iş yerinə getmişdir. Mindiyi “Kia” markalı avtomobilin sürücüsü zavodu keçdikdən sonra sağa, O.Vəliyev küçəsinə dönüb düzünə hərəkət edərək O.Vəliyev küçəsindən sola geriyə dönmək istəyən zaman arxadan gələn “VAZ 21074” markalı avtomobil “Kia” markalı avtomobilin arxa sol hissəsindən zərbə ilə toqquşmuş, bu zaman “Kia” markalı avtomobil fırlanaraq sol yanı üstə yolun sağ kənarında dayanmış vəziyyətdə olan avtobusa dəymiş və o, avtomobilin içərisində xəsarət almışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının əməkdaşları gələrək ona ilkin tibbi yardım göstərmiş, onu 3 saylı ŞKX-na aparmışlar. Orada həkimlər ilkin yardım göstərərək onu buraxmışlar, bundan sonra o, “Neftçilər” xəstəxanasına getmiş, həmin xəstəxanada 5 gün stosianar müalicə almışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 03 dekabr 2022-ci il tarixli 1094 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2022-ci il tarixli 8/3316 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21074” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Kia” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, HK/1-718 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə maddi köməklik göstərərək onunla razılıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-960/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-960/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver