Məhkəmə qərarları › İş №3(007)-962/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-962/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-962/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X3 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekoloqiya və X7 xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 523.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat miqdarında cərimə edilmiş və törədilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri olmaqla ondan 300 manat maddi ziyan tutulması qərara alınmışdır. O, həmin inzibati xətanı törətməmişdir. 11 saylı Regional Ekoloqiya və X7 əməkdaşları ona qarşı qərəzli olmuşlar. Eyni zamanda o, ailəlidir və iki azyaşlı övladı var. Yaşlı ata və anası da onun himayəsindədirlər. Həyat yoldaşı işləmir. Bu cəriməni ödəmək onları maddi cəhətdən çox pis vəziyyətə salacaqdır. Onun barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X9 şikayətinin dəlillərini müdafiə edərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi X10 bildirmişdir ki, hazırkı iş üzrə qərarın qəbul edilməsinə əsas olmuş araşdırma, vətəndaş X2 şikayəti əsasında aparılmışdır. Araşdırma şikayətçinin, barəsində şikayət olunmuş X3 və digər aidiyyəti şəxslərin iştirakı ilə yerində, ünvan 1 ünvanında aparılmış, müəyyən edilmişdir ki, şikayətçinin 4 il əvvəl əkdiyi 2 ədəd ağac kökündən çıxarılmışdır. Belə ki, həmin ünvanda 1 ədəd 6 sm-dək diametri olan ağac yerindən çıxarılması nəticəsində inkişafdan dayanmış və məhv olmuş, 1 ədəd 4 sm-dək diametri olan ağac çıxarıldığı yerdən 30 metr kənarda əkilmişdir. X9 şifahi izahatında etiraf etmişdir ki, həmin 2 ədəd ağacı o, çıxarmışdır. Lakin bunun üçün müvafiq icra hakimiyyəti orqanının rəyini təqdim edə bilməmişdir. Araşdırmanın nəticəsinə əsasən xx xxxxx 2020-ci il tarixli akt və inzibati xəta haqqında protokol tərtib olunmuş, İdarə rəisi tərəfindən həmin araşdırma materialları və inzibati protokol əsasında X3 inzibati qaydada cərimə edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Şikayətdə qeyd olunan halların əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 müfəttişləri tərəfindən Nizami rayon MKTB-nin 28 saylı MKİS-nin rəisinin, şikayətçi X2 və barəsində şikayət olunmuş X5 iştirakları ilə tərtib olunmuş xx xxxxx 2020ci il tarixli 55787 nömrəli aktın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X8 Nazirliyin “Qaynar xətt” xidməti vasitəsi ilə müraciət edərək ünvan 1 ünvanında 4 il əvvəl əkdiyi 2 ədəd ağacın kökündən çıxarılmasını bildirmişdir. Həmin şikayətçinin, 28 saylı MKİS-nin rəis əvəzi X1 və qanunu pozan Nizami rayonu, Q.Qarayev prospekti ev 39, mənzil 148 ünvanında yaşayan X3 iştirakları ilə şikayət araşdırılmışdır. Araşdırma zamanı şikayətçinin göstərdiyi və təqdim etdiyi şəkillərdən məlum olmuşdur ki, qeyd olunan ünvanda 2 ədəd, 1 ədədi 4 sm-dək, 1 ədədi 6 sm-dək diametrində olan göyrüc ağacları ərazidən çıxarılmışdır. Həmin 1 ədəd 6 sm-dək diametri olan ağac inkişafdan dayanmış və məhv olmuşdur. 1 ədəd 4 sm-dək diametri olan ağac çıxarıldığı yerdən 30 metr kənarda əkilmişdir. Araşdırmada iştirak edən X9 şifahi izahatında bildirmişdir ki, həmin 2 ədəd ağacı o, çıxartmışdır. Ağacların ərazidən çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi tələb edilmiş, lakin o, heç bir rəy təqdim edə bilməmişdir. 2 ədəd göyrüc ağacının ərazidən çıxarılmasını 28 saylı MKİS-nin rəisi Gülağa Əhmədov da təsdiq etmişdir. Beləliklə, X11 tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydaları”nın tələblərinə əməl edilməmişdir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X6 tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Nizami rayonu, Ə.Kürçaylı küçəsi 8 ünvanında 1 ədəd 4 sm diametrdə göyrüc ağacının götürülməsinə, 1 ədəd 6 sm diametrdə göyrüc ağacının götürülərək məhv edilməsinə görə X9 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi 2000 manat məbləğində inzibati cərimə edilmişdir; Məhkəmədə işə baxılarkən 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi tərəfindən şikayət ərizəsində, aktda qeyd edilən ərazidə ağacların əvvəl əkildiyi, daha sonra götürülərək 1 ədədinin başqa yerdə əkildiyini təsdiq edən fotoşəkillər təqdim edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, inzibati araşdırma vətəndaş X2 müraciəti aidiyyəti orqan olan 11 saylı Regional Ekologiya və X12 tərəfindən araşdırılmış, araşdırmada müvafiq şəxslərlə yanaşı inzibati xətanı törətməsi ehtimal edilən X9 da iştirak etmişdir. Araşdırmanın nəticəsinə dair tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli aktla müəyyən edilmişdir ki, həqiqətən 1 ədədi 4 sm-dək, 1 ədədi 6 sm-dək diametrində olan göyrüc ağacları ərazidən çıxarılmışdır, 1 ədəd 6 sm-dək diametri olan ağac inkişafdan dayanmış və məhv olmuş, 1 ədəd 4 sm-dək diametri olan ağac çıxarıldığı yerdən 30 metr kənarda əkilmişdir. Araşdırmada iştirak edən X9 həmin 2 ədəd ağacın onun tərəfindən çıxarıldığını şifahi izahatında bildirmişdir. Bununla yanaşı faktı təsdiq edən fotoşəkillər çəkilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta törətmiş şəxsin təqsiri ilə bağlı isə qeyd edilməlidir ki, törədilmiş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin təsiri altına düşmüş və X9 həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. İXM-nin 253.2-ci maddəsinin tələbinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsi) və ya məhv edilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Eyni zamanda, AzərbaycanRespublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 321 nömrəli qərarı ilətəsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının 2.1-ci maddəsində yaşıllıqların götürülməsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmaqla, yaşıllıqların götürülməsinə yol verilən hallar məhz yuxarıda istinad edilən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunla müəyyən edilmiş qaydada təsbit edilmişdir. Müəyyən edildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 8 ünvanında 1 ədəd 4 sm diametrdə və 1 ədəd 6 sm diametrdə yaşıl göyrüc ağaclarının X9 tərəfindən götürülməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının tələblərinə zidd olmuş, həmin yaşıllıqların götürülməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, müvafiq orqanın və ya bələdiyyənin qərarı olmadan həyata keçirilmiş, bununla da həmin tələblər pozulmaqla inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar