Məhkəmə qərarları › İş №3(007)-966/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-966/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-966/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 23 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25687301 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 23 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25687301 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, taksi fəaliyyəti ilə məşğuldur və qanuni şəkildə taksi işində işləyir. O, “Koroğlu” metrosunun yaxınlığında müştəri düşürdərkən, daha doğrusu bir istiqamət üçün iki zolaqlı yolun sağ zolağı ilə hərəkət edərkən qarşısına nəqliyyat vasitəsi çıxmış və onun yolunu kəsmiş, o, məcbur avtomobili saxlamalı olmuşdur. Qısa müddətdə müştəri israr etmişdir ki, tələsir, işə gecikdiyini bildirib qapını açıb düşmüşdür. Onun düşməyi təxminən dörd saniyə çəkmişdir. Məcbur dayandığı bu vaxt ərzində sol zolağı boş saxlamış, heç bir nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmamışdır. Sağ tərəfində maşın olduğunu əsas götürərək onu 80 manat, 2 bal cərimə etmişlər. Göstərilənlərə əsasən, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, maşını saxladıqdan müştəri 3 saniyəyə düşmüşdür. Müştəri orada düşmək istəmişdir, o da taksi sürücüsüdür. Dayanma yeri yoxdur, o, harada saxlayardı. Həmişə qaydalara əməl edərək maşın sürmüşdür. İki uşağı var, çətinliklə pul qazanır. Ümid edirdi ki, məhkəməyə şikayət verər, bu sənədləri təqdim edər, məhkəmə köməklik göstərər. Qeyd etdiklərini nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X1 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 23 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25687301 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən - 23 yanvar 2025-ci il tarixdə saat 09:01:02-də Nizami rayonu Atletlər kəndinin qarşısında “Nissan Sanny minik” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması”ndan ibarət inzibati xəta - X2 tərəfindən mübahisələndirilmişdir. Qanunvericiliyin tələbi baxımından inzibati xəta törətmiş şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, burada sübutetmə yükü inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür, həmin orqanın nümayəndəsi isə məhkəmə araşdırmalarında iştirak etmək üçün gəlməmiş, sübutlar təqdim etməmişdir, məhkəmənin özü isə hazırki qaydada aşkar olunmuş nöqsanları araşdırmaq üçün müvafiq imkanlara (texniki resurslar və s.) malik deyildir. Nəzərə alınmalıdır ki, iş üzrə mühüm hallar araşdırılmadığı halda şəxsin Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə təqsirlilik məsələsinin yoxlanılaraq yekun nəticəyə gəlinməsi mümkün deyildir. Halbuki, yaranmış vəziyyətdə Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə qeydə alınmış görüntülərə baxış keçirilməli, xətanın qeydə alındığı vaxtda və yerdə X1 məcburi dayanmasına səbəb olmuş maneənin yaranıb-yaranmaması, onun xətanın qeydı alındığı nöqtəyə doğru və ondan sonrakı, eyni zamanda ehtimal olunan xəta anında hərəkətləri izlənilməli və s. bu kimi hallar üzrə araşdırma aparılmalıdır. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 23 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25687301 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 23 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25687301 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar