Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-967/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi̇ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 388-1.1.1ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. 11 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və iş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Tofiq Abbasov, ev 4, mənzil 4-də “Tik-tok” sosial şəbəkəsində canlı yayım zamanı qeyri-etik davranışlar sərgiləmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olacaq hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, kütlə qarşısında ev geyimlərinə üstünlük verməklə qeyri-etik ifadələrdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, bir aydan artıqdır ki, “Tik-tok” sosial şəbəkəsindən istifadə etmir. Mövcud olan “Tik-tok” hesablarını, o cümlədən də digər media hesablarını da bağlamışdır. Onun “Tik-tok” sosial şəbəkəsində 100 000-dən artıq izləyicisi var, demək olar ki, hər gün canlı yayım açırmış. Canlı yayım zamanı rəy bölməsində onun ünvanına çoxlu sayda qeyri-etik ifadələr və söyüşlər yazılmışdır. Bəzilərini o özü görsə də, görmədiyi rəyləri isə rəfiqələri ekran qeydi alaraq ona atmışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs də onun ünvanına nalayiq ifadələr işlədən şəxslərin “Tik-tok” hesablarının adlarını götürmüş, növbəti dəfə canlı açanda həmin şəxslərin adlarını göstərərək “nə üçün mənim ünvanıma qeyri-etik ifadələrdən istifadə edirsiz?”-deyə bildirmişdir. Bəzən ifadələrə görə həddən artıq əsəbləşib, o da həmin şəxslərə qarşı qeyrietik ifadələrdən istifadə etmişdir. Lakin, onun bu ifadələrdən istifadə etməsinin səbəbi onu izləyənlərin əsəbləşdirməsi olmuşdur. Həmçinin qeyd etmişdir ki, onun geyimi ilə bağlı ona qarşı nalayiq ifadələr işlədilmiş, o isə onların cavabını eyni ifadələrlə vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X4 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində heç bir tərkib yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Bakı şəhəri NRPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş raportdan görünür ki, o, Nizami rayonu, Tofiq Abbasov küçəsində vətəndaş Şəxs yaşadığı ünvana yaxınlaşıb vətəndaşa özünü təqdim edərək 25-ci PŞ-nə dəvət etmişdir. Vətəndaşa “Tik-tok” sosial şəbəkəsində qeyri-etik davranışlar etdiyini və bunun inzibati məsuliyyətə səbəb olması izah edilmişdir.
2. xx.xx.2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur.
3. Bakı şəhəri NRPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Tik-tok” sosial şəbəkəsində qeyri-etik hərəkətlər sərgiləməsi ilə əlaqədar saxlanılmışdır. Şəxs barəsində İXM-nin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.
4. İş materiallarına əlavə edilmiş Şəxs Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, canlı yayım zamanı ona qarşı istifadə edilən nalayiq ifadələrə qarşılıq olaraq qeyri-etik ifadələrdən istifadə etdiyini bildirmiş, bundan sonra belə hallara yol verməyəcəyinə dair söz vermişdir.
5. İş materiallarına “hq.makler” adlı tiktok hesabına dair 4 ədəd fotoşəkil əlavə edilmişdir.
Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir.
Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin:
388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilməsi göstərilmişdir. “İnformasiya, informasiyalaşdirma və informasiyanin mühafizəsi haqqinda” Azərbaycan Respublikasinin Qanunun 13-2.3-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla); odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar və s. Həmçinin həmin maddənin 13-2.3.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaların da yerlışdirilməsinə yol verilməməlidir. Göründüyü kimi, qanunvericilik yayılması qadağan edilən məlumatların siyahısını qəti şəkildə müəyyən etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs aktiv şəkildə “Tik-tok” sosial şəbəkəsindən istifadə etmiş, canlı yayımlar zamanı ona qarşı istifadə edilən rəylərə cavab olaraq qeyri-etik ifadələrdən istifadə etmişdir. Həmçinin canlı yayım üzərində olan zamanı geyimi də uyğun olmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bunu həm məhkəmə iclasında verdiyi izahatında, həm də Nizami RPİ-nin 25-ci PŞ-də yazılı şəkildə olan izahatında bildirmişdir. Nəzərə alsaq ki, son dövrlərdə yaşından asılı olmayaraq hər bir şəxs sosial şəbəkələrdən, o cümlədən “Tik-tok” sosial şəbəkəsindən istifadə edir, o zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istifadə etdiyi ifadələr, o cümlədən paylaşdığı videolar informasiya ehtiyatında yayılması qadağan edilən məlumatlara daxildir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istifadə etdiyi ifadələr hüquq normalarına zidd olmaqla yanaşı, əxlaqi dəyərlərimizə və milli mentaletimizə də ziddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində qeyri-etik ifadələrdən istifadə etməsinin səbəbi kimi onun ünvanına canlı yayım zamanı nalayiq ifadələrin işlədilməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyri-etik ifadələrdən istifadə etməsinin səbəbi kimi göstərdiyi hallar onun bu ifadələrdən istifadə etməsinə əsas vermir. Əgər həqiqətən də, canlı yayım zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs belə hal ilə qarşılaşmışdırsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXM-nin və 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə iki ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 11 fevral 2025-ci il tarixdə saat 11:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 36 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldi:
Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 11 fevral 2025-ci il saat 11:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva