Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-969/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X1 iştirakları ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 fevral 2025-ci il tarixdə saat 13:00 radəsində ona məxsus Lada Niva markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində hərəkətdə olduğu zaman yolun dairəvi hərəkət olan hissəsindən 349 nömrəli X9 ona yaxınlaşaraq avtomobilini saxlamağını istəmişdir. O, avtomobili saxlayan zaman əməkdaşlardan biri yaxınlaşaraq özünü təqdim etmədən avtomobilinə baxış keçirtməyə başlamışdır. O, avtomobildən düşərək digər əməkdaşdan nə baş verdiyini soruşmuşdur. Bu zaman yol polisi qəfil oradan uzaqlaşmışdır. Digər əməkdaşdan nə olduğunu soruşmuş, o isə, onu qarşıda 349 nömrəli YPX avtomobilinin yanında düşürtməyini istəmişdir. Amma onu tanımadığı yollara aparmışdır. Orada isə avtomobil dayanacağı olduğunu görmüş, avtomobilini içəriyə sürmək istəməmişdir. Bu zaman 349 nömrəli YPX avtomobilini idarə edən yol polisi ona zor tətbiq edərək, üzərinə qışqıraraq avtomobilini duracağa qoymağını istəmişdir. Çarəsiz şəkildə avtomobilini dayanacağa sürmüşdür. Daha sonra əməkdaş 1 nömrəli otağa yaxınlaşmağını istəmişdir. Otağa yaxınlaşdığı zaman içəridə heç kim olmamışdır. Daha sonra çölə çıxmış və yol polisi ona qışqıraraq avtomobilinin açarlarını istəmişdir. O isə, sakit tərzdə bunun səbəbini soruşmaq istəmişdir. Amma onlar açarı ondan zorla almışlar. Bu zaman özünü müdafiə etmək üçün 102 ilə əlaqə saxlamışdır. Bu zaman yol polisi “nə istəyirsən et”, “hara zəng edirsən et” deyərək ərazini tərk etmişdir. Daha sonra 902 ilə əlaqə saxlayaraq vəziyyəti izah etmişdir. Onlar isə Badamdara, yəni Bakı şəhər X9 idarəsinə yaxınlaşmağını istəmişlər. Tez bir zamanda oraya getmişdir. Orada 30 nömrəli otağa daxil olmuş və vəziyyəti izah etmişdir. Onlar isə ona rüşvət təklif edərək həll edəcəklərini bildirmişlər. 30 nömrəli otaqda onunla danışan əməkdaş X2 olmuşdur. Oranı tərk edəndən sonra saat 6 radələrində ona 150 azn məbləğində cərimə tətbiq etmişlər. O, bu cərimənin sms vasitəsi ilə telefonuna gəldiyini görmüşdür. Ona İXM-nin 342.2.2-ci maddəsi ilə 150 azn məbləğində cərimə tətbiq etmişlər. O, aidiyyatı qanunları rəhbər tutaraq, inzibati cərimənin əsassız olduğunu labüd görür. İXP6891982 nömrəli protokolun BŞDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli TP7041819 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onu aldadıb cərimə meydançasına sürdürmüşlər. Maşını sürəndə cərimə meydançasına sürdüyünü bilməmişdir. Cərimə meydançasına çatanda başa düşmüşdür. Orada qapıda dayanan yol polisi və digər yol polisi üzərinə qışqırmışlar, o da təzyiq altında maşını meydançaya sürmüş, sonra orada da eyni qaydada az qala onu döyəcəkləri bir şəkildə üstünə qışqıraraq ondan açarları istəmişlər. Maşının üzərindəki işıq zavod istehsalıdır, sadəcə dizaynı fərqli olmuşdur. İşıq markaya və modelə uyğundur. Bu işıq ancaq “Niva”ya uyğundur, başqa maşına uyğun gəlmir. Şəhərdə hamı bundan sürür. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X4 izahatında göstərmişdir ki, 10 fevral 2025-ci il tarixdə saat 14:22 radələrində Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində xidməti ərazidə “VAZ 21214” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qayda pozuntusuna görə tərəflərindən saxlanılmışdır. Müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin sürücüsü normativ tələbləri pozaraq avadanlığı dəyişdirmişdir. Belə ki, nəqliyyat vasitəsinin üzərindəki işıq cihazı qoşula bilməz, həmin nəqliyyat vasitəsinə aid deyil. Markaya və modelə uyğun olmayan işıqdır. Buna görə sürücü X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında da sürücünün barəsində inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun iştirakını nəzərə alaraq, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21214 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 10 fevral 2025-ci il tarixdə saat 14:22də Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində “Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə”, 10 fevral 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Hansı ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X5 idarə etdiyi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək, istehsal olunduğu vaxt mövcud olmayan və texniki şərtlərdə nəzərdə tutulmayan işıqlar quraşdırmışdır. Belə tipli işıqların eyni markalı digər nəqliyyat vasitələrində istifadə edilməsi ilə bağlı şikayət verən şəxsin dəlilləri bu baxımdan inzibati xətanı istisna edən hal kimi qəbul edilə bilməz, ona görə məhkəmə hesab edir ki, qanunvericiliyin bu sahədə tənzimləyici normalarına ciddi riayət edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 “VAZ 21214 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 10 fevral 2025-ci il tarixdə saat 14:22-də Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində hərəkətdə olarkən onun nəqliyyat vasitəsində, onun istehsalçı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək digər növdə işıq quraşdırması, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X5 normativ tələbləri pozub, nəqliyyat vasitəsinin xarici işıqlarına dəyişiklik edərək həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan, başqa nəqliyyat vasitəsinə aid işıqları quraşdıraraq konstruksiya dəyişikiliyi etmişdir ki, bu da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır və belə olan halda qeyd edilənlər onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 10 fevral 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-969/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-969/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver