Məhkəmə qərarları › İş №3(007)-972/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-972/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-972/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2, 25 yanvar 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 92 saylı evin 7 saylı mənzilində qeydiyyatda olan və yaşayan X2 Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X12 Şöbəsinin 14 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 31 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin 14 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 20 aprel 2022-ci il tarixdə X2 Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin 14 aprel 2022ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin 19 may 2022-ci il tarixli, 3(007)- 972/2022 saylı qərarına əsasən, X2 Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin 14 aprel 2022ci il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarından şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 3(103)-1452/2022 saylı qərarına əsasən, X6 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, X2 Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin 14 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, 31 mart 2022-ci il tarixdə paytaxtın Nizami rayonu, Azər Manafov 2 küçəsi ilə anası X4 məxsus 99-UO703 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” avtomobili ilə hərəkət edərkən saat 18:05-18:10 radələrində, adını qeyd etdiyi küçədə yolun sağ hərəkəti istiqamətindən dönmə siqnalını yandıraraq 1.5 üfüqi nişanlanma xəttinin (qırıq-qırıq) vasitəsilə sol hərəkət istiqamətinə keçmişdir. YP-276 dövlət qeydiyyat nişanlı avtomobilin inspektoru X5 onu saxlayıb bildirmişdir ki, ordan sola keçə bilməz. Ona bildirmişdir ki, yerdə 1.5 üfüqi nişanlanma xətti varsa qayda pozmuş deyil. O, isə ona həmin hərəkət hissəsinin yalnız sağa dönmək üçün olduğunu və o hərəkət hissəsinə girmişsə baxmayaraq ki, yerdə qırıq-qırıq xətlər mövcuddur, hərəkət zolağını dəyişə bilməz. Ona sadəcə maddə deyərək kifayətlənən, yol hərəkəti haqqında qanunun heç bir maddəsinə istinad etmədən ona İXM-nin 327.1-ci maddəsi ilə təsbit olunmuş yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXP seriyalı ******* nömrəli qərarsız protokol tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün işinə 19 aprel 2022-ci il tarixdə Nizami DYPŞ-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimə edilməyi ilə bağlı polis mayoru X3 tərəfindən barəsində TP ******* nömrəli qərar çıxarılmışdır. Onun etirazı, haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmaması və hadisə yerində TŞ4-006 kamerasının olmasına baxmayaraq görüntüləri çıxartmırlar. Eyni zamanda yol hərəkəti haqqında qanunun 4-cü hissəsində qeyd olunur ki, yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Qanunun bu konkret müddəasından görünür ki, nişanlanma xətləri nişanlarla bərabər, onlarla birlikdə tətbiq edilmişdirsə, deməli, nişanların mənasını tamamlamağa və dəqiqləşdirməyə xidmət etməlidir. Həmin nişanlanmaların fərqli mənası və ya tələbi ola bilməz. Bunun mövcudluğu Qanunun tələbinin kobud pozulması olardı. Ona görə də, yol nişanları ilə nişanlanma xətləri arasında ziddiyət yaranarsa bu halda sürücü istədiyini üstün tuta bilər. Bu arada qeyd edir ki, 1.5 üfüqi nişanlanma xətti iki və ya üç zolağlı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaqlarının sərhədlərini göstərir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Göstərilənlərə əsasən İXP ******* nömrəli protokola Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən çıxarılmış 14 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yerdə 1.5 üfüqi nişanlanma xəttinin olması ilə qanun ona icazə vermişdir ki, sağdan sola keçsin. Həmin xəttin olması ilə o, qayda pozmamışdır. Hesab edir ki, protokol əsassız olaraq tərtib olunmuşdur, belə olan halda həmin protokol əsasında qəbul edilən qərar da qanunsuzdur. Bununla yanaşı, onun tərəfindən yol nişanı ilə bağlı tələblər pozulmamışdır. İş materiallarına əlavə edilmiş CD diskdə avtomobilin nömrəsi görünmür, yəni, nə avtomobilin nömrəsi görünür, nə də ki, hadisənin vaxtı bilinir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət ərizəsinə Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Bakı Şəhəri Nizami RPİnin DYPŞ-nin 14 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin Yol-patrul xidməti inspektoru X5 tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 31 mart 2022-ci il tarixdə saat 18:06-da “Chevrolet Cruze minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan X6 ünvan 1 ünvanında yol nişanlarının tələbinə əməl etməməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru X1 14 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 31 mart 2022-ci il tarixində, saat 18:06-da “Chevrolet Cruze minik” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol nişanlarının tələblərinə riayət edilməməsi görə, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun, 69-cu maddəsinin 6-cı hissəsinin 5-ci bəndinə əsasən, 1.5 üfiqi nişanlanma xətti- iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş, 02 ədəd “CD” disklərdəki görüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntülərdən birində ümumiyyətlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünmür, digər görüntüdə isə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünsə də görüntüdəki vaxt protokolda göstərilən vaxtı özündə əks etdirmir. Göründüyü kimi, Bakı Şəhəri Nizami RPİ-nin DYPŞ-nin Yol-patrul xidməti inspektoru X5 tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda həmin tarixdə saat 18:06-da “Chevrolet Cruze minik” markalı **-UO- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan X2 ünvan 1 ünvanında yol nişanlarının tələbinə əməl etməməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı, o cümlədən iş materiallarında olan CD disklərə baxış zamanı bu hallar sübuta yetirilməmiş, hər hansı inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0, 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami RPİnin DYPŞ-nin 14 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta tərkibi olmadığına görə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X12 Şöbəsinin 14 aprel 2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar