Məhkəmə qərarları › İş №3(007)-977/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-977/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-977/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, X3 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı Sağlamlıq Mərkəzinin Ürək-damar şöbəsində çalışır. Hazırda çalışdığı xəstəxana COVİD-19 mərkəzi kimi fəaliyyət göstərir. 300-ə yaxın COVİD-19-a yoluxmuş xəstə klinikalarında müalicə alır. Karantin rejimində sərbəst hərəkət etməsi ilə bağlı rəsmi icazəsi var. Şəxsiyyət vəsiqəsi üzrə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmişdir və xüsusi icazəsi var. İş saatından əlavə 24 saat işə çağırışları ola bilir. xx xxxx 2020-ci il tarixdə saat 20:00-da ağır iş gününü başa vuraraq xəstəxanadan çıxmışdır. Evinə gedərkən yaşadığı evin yaxınlığındakı 220 nömrəli məktəbin yanında onu Nizami rayonu 24-cü Polis Bölməsinin əməkdaşları saxlamışlar və onun Bölməyə getməyini tələb etmişlər. O, özünü təqdim etmiş, tibb işçisi olduğunu, 24 saat iş icazəsinin olduğunu, hətta gecə saatlarında belə ağır xəstə olarsa onu çağıra biləcəklərini söyləsə də, onu 24-cü Polis Bölməsinə gətirmişlər. Bölmənin rəisi Cövdət Məmmədov polisə yaraşmayan tərzdə onunla çox kobud danışmağa başlamışdır. Hətta həyat yoldaşına belə zəng etməyinə imkan vermək istəməmişdir. Telefonunu almaq istəmişdir. O, həmin şəxsə “Siz azərbaycanlı deyilsiz? Siz müsəlman deyilsiz? Niyə imkan vermirsiniz həyat yoldaşıma zəng edim?” deyə sual verəndə “yox deyiləm” deyə cavab vermişdir. O, çətinliklə də olsa həyat yoldaşına zəng edə bilmişdir. Həyat yoldaşı gəlmiş və telefonlarını alaraq onları Bölmənin 2-ci mərtəbəsinə çıxarmışlar. Şəxsiyyət vəsiqəsi üzrə “icaze.e-gov.az” portalında yoxlama apardıqdan sonra qeydiyyatdan keçdiyinin və xüsusi icazəsinin olduğunun şahidi olmuşlar. Polis əməkdaşlarının bəziləri onları buraxmaq istədikdə bir neçə polis əməkdaşı xüsusi canfəşanlıq edərək rəisin tapşırığı olduğunu, onu mütləq cərimələmək lazım olduğunu israr etmişlər. Onda “cəriməni yazın, protokolu verin, biz gedək” demiş, “101 manatı indi ödəməlisiniz, yoxsa sizi buraxmayacağıq” cavabını vermişlər. Bunun bir qanunsuzluq olduğunu, hüquqa zidd olduğunu, Daxili İşlər Nazirliyinə və məhkəməyə şikayət edəcəklərini bildirmişlər. Onlar isə, “101 manatı ödəyin, hara istəyirsiniz, şikayət edin” demiş və onları təhdid etməyə başlamışlar. Onların ailələrinin nəzarətdə olacağı, onu işdən çıxartdıracaqları ilə hədə-qorxu gəlməyə başlamışlar. Onları qapalı bir otaqda 3 saata yaxın maskasız saxlamışlar. 101 manatı ödəyib qərarı və ödəmə çekini tələb etsələr də, rəis Cövdət Məmmədovun möhür vurmalı olduğunu bəhanə gətirərək sabah verəcəklərini bildirmişlər. Bu qədər qanunsuzluq və mənəvi işgəncədən sonra, nəhayət saat 23:50-də Bölmədən çıxa bilmişlər. Üç gün Polis Bölməsinə dəfələrlə gedib-gəldikdən sonra, nəhayət ki, iyunun 30-da qərar və ödəmə çekini ala bilmişlər. Hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Ona görə də ləgv olunmalıdır. Barəsində qanunsuz qərar qəbul etmiş polis əməkdaşları barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun araşdırma aparılmalı, protokol tərtib edilərək məhkəməyə göndərilməlidir. Qərarı xx xxxx 2020-ci il tarixində almışdır, şikayət vermə müddətində məhkəməyə müraciət edir. O, qeydiyyatda Suraxanı rayonunda olsa da, faktiki Nizami rayonunda yaşayır və barəsində inzibati xəta haqqında protokol da Nizami rayon 24-cü Polis Bölməsi tərəfindən tərtib edilmişdir. Ona görə də işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmasını istəyir. Onun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhəri Nizami rayon 24-cü Polis Bölməsinin rəisi Cövdət Məmmədovun MN seriyalı, ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, qanun pozuntusuna yol vermiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, inzibati xəta haqqında qərar qəbul etmiş şəxs və qanunsuz olaraq polis bölməsinə aparmış, hüquqlarını məhdudlaşdırmış, ona hədə-qorxu gələrək təzyiq etmiş polis əməkdaşlarının barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun tədbir görülməsi üçün Bakı şəhəri Nizami rayon prokuroruna məlumat verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X7 şikayətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta haqqında qərarda onun məktəbin idman meydançasında saxlanıldığı qeyd edilsə də, məhkəmənin diqqətinə çatdırır ki, həmin idman meydançası 220 nömrəli məktəbə məxsusdur, məktəb və idman meydançası yaşadığı binanın yaxınlığında yerləşir və o, işdən qayıdarkən əksər vaxtlarda olduğu kimi meydançadan keçərək evinə getmək istəmişdir. Lakin hər hansı sübut təqdim edilmədən barəsində inzibati qaydada tədbir görülmüş, bu zaman isə ona və həyat yoldaşına qarşı xüsusi kobudluğa yol verilmişdir, hansı ki, ərizəsində bu barədə ətraflı qeyd etmişdir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin nümayəndəsi X8 bildirmişdir ki, şikayət verən X7 xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində 220 nömrəli məktəbin idman meydançasında xüsusi karantin qaydalarını pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında şöbə rəisinin qərarı ilə Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsinə müvafiq olaraq 100 manat cərimə edilmişdir. “icaze.e-gov.az” portalında yoxlama zamanı X3 adı hərəkətinə icazə verilən şəxslərin sırasında olduğu müəyyən edilmişdir. Lakin həmin şəxs məktəbin idman meydançasında müəyyən edildiyi üçün barəsində inzibati tədbir görülmüşdür. Şikayətdə qeyd olunan halların əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi Məmmədov Cövdət Soltan oğlu tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X7 barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir; - xx xxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X2 MMC-nin 3 saylı PF vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin hesabına (COVİD-19) 100 manat məbləğində cərimə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 211.1-ci maddəsinə əsasən (xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarına əsasən Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində xüsusi iş (əmək) rejimi tətbiq edilmişdir. Bundan başqa Nazirlər Kabineti xüsusi karantin rejimini tənzimləyən bir çox, o cümlədən xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərar qəbul etmişdir və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərlərinin və zəruri halda işçilərinin işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilmişdir. Həmin qərarlara 1 nömrəli əlavələrdən görünür ki, Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində tətbiq edilən xüsusi iş (əmək) rejimində işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısı müəyyən edilmiş, fəaliyyətinə icazə verilən sahələr üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, səhiyyə və sosial sahə üzrə poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər hər zaman bu siyahıya daxil edilmişdir. Eyni zamanda, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatların elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, inzibati qaydada tənbeh edilmiş X7 Bakı Sağlamlıq Mərkəzində işləyir, tibb işçilərinin isə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində tətbiq edilmiş xüsusi iş (əmək) rejimi müddətində hərəkəti Nazirlər Kabinetinin qərarı və müvafiq xüsusi karantin dövründə ölkə ərazisində tətbiq edilən xüsusi iş (əmək) rejimində işə cəlb edilən dövlət orqanlarının və qurumlarının, fəaliyyətinə icazə verilən sahələrin siyahısı ilə müəyyən edilmişdir. Habelə, Bakı Sağlamlıq Mərkəzi koronovirus xəstəliyinin müalicəsi ilə məşğul olan tibbi müəssisələrdən biridir. Qərardan şikayət vermiş X7 onun barəsində qərar qəbul etmiş 24-cü Polis Şöbəsinin inzibati binasının yaxınlığında, ünvan 1 ünvanında yaşayır, o, xüsusi karantin rejimi günlərində fəaliyyətinə icazə verilmiş sahədə işləməklə yanaşı xüsusi qeyd edilməlidir ki, COVİD-19 infeksiyasının müalicəsinin həyata keçirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması ilə fədakar zəhmətləri ilə məşğul olaraq özlərinin də həyatına təhlükə qarşısında qoyan tibb işçilərindən biridir, işəgötürən tərəfindən həmin şəxs barədə məlumatlar müvafiq qaydada “icaze.e-gov.az” portalına daxil edilmişdir. X3 müvafiq qaydada “icaze.e-gov.az” portalında qeydiyyatdan keçdiyinin müəyyən edilməsi qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin izahatı ilə də təsdiq olunmuşdur. İnzibati protokolun tərtibi və qərarın qəbulu zamanı isə X1 rejiminin pozulması ilə müşayiət edilən inzibati xətanı törətdiyinə dair hər hansı sübut müəyyən edilməmiş və materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, xüsusi karantin rejimi dövrünü əhatə edən 2020-ci ilin mart-iyun ayları ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara və qəbul edilmiş qərarlara uyğun olaraq X4 dair məlumatlar “icaze.e-gov.az” portalına daxil edilmişdir, o, xüsusi karantin dövründə ölkə ərazisində tətbiq edilən xüsusi iş (əmək) rejimində işə cəlb edilən, fəaliyyətinə icazə verilən dövlət orqanlarının və qurumlarının siyahısında əksini tapmış tibb müəssisəsinin əməkdaşı olmaqla hərəkətinə icazə olmuşdur. İnzibati icraatı aparan orqan tərəfindən isə həmin şəxs tərəfindən inzibati protokolun tərtib edildiyi xx xxxx 2020-ci il tarixində saat 22 radələrində xüsusi karantin rejiminin pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı icraat inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını tənzimləyir, şikayətə baxılmasının nəticəsində məhkəmə, mübahisələndirilən qərarları yoxlayaraq mahiyyəti üzrə İXM-nin 134.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Ona görə X3 “qanun pozuntusuna yol vermiş inzibati xəta haqqında protokol tərtib etmiş, inzibati xəta haqqında qərar qəbul etmiş və qanunsuz olaraq polis bölməsinə aparmış, hüquqlarını məhdudlaşdırmış, ona hədə-qorxu gələrək təzyiq etmiş polis əməkdaşlarının barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun tədbir görülməsi üçün Bakı şəhəri Nizami rayon prokuroruna məlumat verilməsi” barədə xahişini məhkəmə vəsatət kimi qəbul edir, hesab edir ki, əsaslar olmadığından bu barədə vəsatət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. X3 “qanun pozuntusuna yol vermiş inzibati xəta haqqında protokol tərtib etmiş, inzibati xəta haqqında qərar qəbul etmiş və qanunsuz olaraq polis bölməsinə aparmış, hüquqlarını məhdudlaşdırmış, ona hədə-qorxu gələrək təzyiq etmiş polis əməkdaşlarının barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun tədbir görülməsi üçün Bakı şəhəri Nizami rayon prokuroruna məlumat verilməsi” barədə vəsatəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar