Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-977/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 107, mənzil 56-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 21 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan 620 manat dəyərində bir ədəd qızıl komplektin (sırğa, üzük, klon), 750 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, 130 manat dəyərində bir ədəd qızıl üzük, 160 manat dəyərində bir ədəd qızıl üzük və bir ədəd “Samsung Galaxy A-51” markalı mobil telefonun, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(007)- 2507/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə əmlakı və ya onların dəyərini tələbkara verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, sözügedən qızıllar itmiş, telefon isə sınmışdır, tələbkarın indiyədək həmin əmlakları və ya onların dəyərini tələb etdiyini bilməmiş, elə bilmişdir ki, şikayəti geri götürmüşdür. Uzun müddət depressiyada olmuş, müalicə almış, axtarışda olmasından qətiyyən xəbəri olmamışdır. İcra sənədi barədə hazırda məlumatı olduğundan bundan sonrakı müddətdə icra sənədinin icrasına çalışacaq, hissə-hissə də olsa pulu ödəyəcəkdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında verilən izahatlar və məhkəmə araşdırması zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, 03 iyun 2021-ci il tarixli 3(007)-2507/2021 nömrəli icra sənədi 30 sentyabr 2021-ci il tarixdə verilmiş, 06 oktyabr 2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icra tədbirləri zamanı borclu Şəxs yeri müəyyən edilmədiyindən 25 noyabr 2021-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün Nizami rayon polis idarəsinə göndərilmiş, 21 aprel 2022-ci il tarixdə onun yeri müəyyən edilərək icra şöbəsinə gətirilmiş, icra sənədinə dair izahatı alınmış və dərhal da protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. Buradan da görünür ki, borclunun 06 oktyabr 2021-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək olan müddətdə icra sənədinin mövcudluğundan məlumatı olmamış, onun icra sənədinə münasibəti ilə bağlı izahatı alınmamış, icra sənədinin icrası təmin edilmədiyi halda məsuliyyəti barədə xəbərdar edilməmiş və bu kimi digər icra hərəkətləri həyata keçirilməmişdir. Lakin Şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda, onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə olan halda, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir, o cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X5 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-977/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-977/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver