Məhkəmə qərarları › İş №3(007)-979/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-979/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-979/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs yol hərəkəti qaydalarını pozduğu halda, bilərəkdən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı R.G.Hüseynov tərəfindən xx.xx.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru, polis baş serjantı X5 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə **-YP-*** DQ patrul avtomobilində xidmət aparan zaman H.Əliyev prospekti ilə Koroğlu yol qovşağında hərəkətdə olan zaman **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələbinə əməl etmədiyinə görə ona saxla işarəsi vermişdir. Bu zaman sürücü avtomobili yolun sağ kənarında saxlamışdır. O, sürücüyə yaxınlaşıb sürücüyə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə uyğun olaraq özünü sürücüyə təqdim etmişdir. Sürücüdən sənədlərini təqdim etməsini tələb etdikdə sürücü təqdim etməkdən imtina etmişdir. Ona İXM-nin 61-ci maddəsini rəhbər tutub hüquq və vəzifələrini izah etməsinə baxmayaraq sürücü sənədlərini təqdim etməkdən və ad, soyadını deməkdən imtina etmiş və ona məlumatların bort kompüterdə olduğunu demişdir. Sürücüyə idarə etdiyi “Kia Optima” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqdə olduğuna görə sənədlərini təqdim etməli olduğunu izah etmişdir. Bütün bunlara baxmayaraq sürücü onun qanuni tələbinə tabe olmamış, “mən sizə tabe olmuram, sənədlərimi təqdim etmirəm” demişdir. O, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan əməkdaşları efir vasitəsi ilə dəvət etmişdir. Patrul avtomobilində xidmət aparan polis mayoru T.Qasımov onlara yaxınlaşaraq həmin sürücüyə təkrarən hüquq və vəzifələrini izah etmişdir. Buna baxmayaraq sürücü yenə də onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra sürücünü **-YP-*** patrul avtomobili ilə 23-cü PB-nə gətirərək təhvil vermişlər. Polis bölməsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru, polis mayoru X3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə ərazidə xidmət apararkən inspektor Qiyasov Aqşin efir vasitəsi ilə vətəndaşın qanuni tələbinə tabe olmadığı və sənədlərini təqdim etməkdən qərəzli şəkildə imtina etməyi barədə məlumat vermişdir. O, həmin yerə yaxınlaşdıqda Şəxs uca səslə polis əməkdaşlarına qarşı alçaldıcı ifadələr işlətdiyini, “bunlara bu da azdır, söydürmüşəm, yenə də söydürəcəm, sosial şəbəkələrdə yayacam ki, cəmiyyət də polislərə qarşı olsun” ifadələrini işlətdiyini görmüşdür. Şəxs səs-küy salıb ətrafdakı insanların nəzərini özünə cəlb etmişdir. O, Şəxs yaxınlaşıb onu nizam-intizama, etikaya riayət etməyə dəvət etmiş, sənədlərini təqdim etməməsinin səbəbini soruşmuşdur. Şəxs onun sözlərinə məhəl qoymamış, məhkəmə iclasında deyiləsi mümkün olmayan təhqiredici sözlərlə onları söyüb təhqir etmişdir. Şəxs sənədlərini təqdim etməyəcəyini, məlumatları tapmağın onların borcu olduğunu bildirmişdir. Şəxs nəqliyyat vasitəsini lizinq müqaviləsi ilə aldığına görə sistem vasitəsi ilə həmin məlumatları görmək mümkün deyildir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi avtomobillə həyat yoldaşı ilə birlikdə yas mərasiminə rayona gedən zaman DYPİ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşıb komandirin göstərişi olduğunu, avtomobilinin cərimə meydançasına yerləşdiriləcəyini bildirmişdir. O, əsassız saxlanıldığına görə 102 xidmətinə zəng edib bu barədə şikayət etmişdir. Cərimə meydançasında olan zaman həyat yoldaşı avtomobildə olduğuna görə əsəbləşib sənədlərini təqdim etməyəcəyini bildirmişdir. Lakin, sonra sənədlərini təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, 2 həftə əvvəl polis əməkdaşları barədə video çəkib sosial şəbəkədə yerləşdirdiyi üçün onu əsassız olaraq saxlamışlar. O, polis əməkdaşlarına qarşı hər-hansı təhqiredici ifadələr işlətməmişdir. Sosial şəbəkədə yerləşdirdiyi video üçün üzr istəyir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmin Qanunun 20-ci maddəsinin 1 bəndinə görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2021-ci il tarixdə saat 14:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X4 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar