Məhkəmə qərarları › İş №3(007)-980/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-980/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-980/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 07 radələrində idarə etdiyi “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində X4 idarə etdiyi “X8” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sol yan hissəsindən toqquşmuş, nəticədə Şəxs idarəetməni itirərək Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21154” markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan qanad hissəsi ilə toqquşmuş, “Vaz-21154” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq 6 saylı TTYSna müraciət etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı S.S.Hüseynov tərəfindən xx.xx.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 07 radələrində özünə məxsus olan “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ilə Q.Qarayev prospekti istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman sükan arxasında yuxuladığından Naxçıvanski küçəsindən Q.Qarayev prospektinə sağa dönməli olduğu halda yolayrıcına daxil olub hərəkətini düzünə davam etdirmişdir. Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində idarə etdiyi “Opel” markalı avtomobilin qabaq hissəsi ilə sərnişin avtobusunun arxa hissəsindən toqquşmuş və idarəetməni itirərək “Vaz-21154” markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuşdur. İdarə etdiyi avtomobilin qabaq hissəsi səkinin üstünə çıxaraq dayanmışdır. O, idarə etdiyi avtomobildən düşərək mobil telefonu evdə qaldığı üçün taksi ilə yaşadığı ünvana gedərək mobil telefonunu götürüb hadisə yerinə qayıtmışdır. Hadisə yerinə gələn zaman polis əməkdaşlarının da hadisə yerində olduqlarını görmüşdür. Təqaüdçüdür, tək yaşayır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Hissə-hissə ödəməklə may ayının axırına kimi zərərçəkmiş şəxsə 500 manat pul verə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 07 radələrində özünə məxsus olan “Vaz-21154” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanaraq yaşıl işığın yanmasını gözləmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra o, təxminən 3-5 km/saat sürətlə hərəkətə başlayan zaman Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində işıqforun qırmızı işığına məhəl qoymayan “Opel” markalı avtomobilin sürücüsü qırmızı işıqda keçərək Q.Qarayev prospektində hərəkətdə olan avtobusun arxa sol hissəsi ilə toqquşduqdan sonra qabaq hissəsi ilə idarə etdiyi avtomobilin arxa sol yan hissəsindən zərbə ilə toqquşmuşdur. Onun avtomobili zərbənin təsirindən fırlanaraq yolun əks istiqamətində dayanmışdır. “Opel” markalı avtomobilin sürücüsü avtomobildən düşmüş, sərxoş vəziyyətdə olduğu üçün hadisə yerindən getmişdir. O, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. “Opel” markalı avtomobilin sürücüsü də 5-10 dəqiqədən sonra hadisə yerinə gəlmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 1500 manat ziyan dəymişdir. Həmçinin müalicəsi üçün əlavə xərc lazımdır. Şəxs onu müalicə etdirməsini istəyir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/2466 saylı, xx.xx.2020ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:45-də müayinə olunan Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2020-ci il tarixli, 749 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanının bayır səthinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1693 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara görə “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: - hərəkət üçün təhlükə yaranan anda “X8” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun toqquşma yerindən 2,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; - hərəkət üçün təhlükə yaranan anda “X8” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun toqquşma yerindən 2,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: - hərəkət üçün təhlükə yaranan anda “Vaz-21154” markalı, **-HN- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; hərəkət üçün təhlükə yaranan anda “Vaz-21154” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 10,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN Baş Dövlət X9 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-99201-1220 nömrəli məktubdan görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə AE 124550 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2020-ci il tarixdə saat 07 radələrində idarə etdiyi “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq X4 idarə etdiyi “X8” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sol yan hissəsi ilə toqquşması və idarəetməni itirərək Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21154” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə toqquşması, nəticədə zərərçəkmiş şəxslərə maddi ziyan dəyməsi proses iştirakçılarının izahatı, ekspert rəyi və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, habelə İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini, yəni Şəxs 65 yaşına çatmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1955-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar