Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-987/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 İV tağımın YPX inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 İV tağımın YPX inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində etibarnamə əsasında ona məxsus olan **-VN-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı yolunun 31-ci km-də Bakı istiqamətində hərəkətdə olmuşdur. Sözügedən yerdə qurulmuş nəzarət postunda yol polis əməkdaşı özünü təqdim etmədən sənədlərini götürmüş və ona qoruyucu maskadan istifadə etmədiyinə görə cərimə olunacağını bildirmişdir. Halbuki o, maskadan istifadə etmiş və posta yaxınlaşarkən təmiz hava almaq üçün pəncərəni açaraq maskanı çıxarıb sükanın üzərinə qoymuşdur. Sənədlərini yoxlamaq üçün götürdükdən bir müddət sonra maskadan istifadə etməklə sənədlərini geri almaq üçün məcbur qalıb maşından düşüb polis əməkdaşına yaxınlaşdıqda ona: “gedə bilərsiniz, sizə protokol yazıldı” deyərək sənədlərini qaytarmışdır. Ona həmin protokolla bağlı hər hansı hüquq və vəzifələri, şikayət vermə qaydası izah edilməmişdir. Bundan təxminən 2 saat sonra ona sms vasitəsi ilə protokol tərtib olunması və bu barədə qərarın qüvvəyə minməsi barədə bildiriş gəlmişdir. Polis əməkdaşının barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən tərtib etdiyi protokol və qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, idarə etdiyi şəxsi nəqliyyat vasitəsində qoruyucu maskadan istifadə etməməyə görə qanunda hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarında qeyd olunur ki, şəhərlərarası, rayonlararası və şəhərdaxili, eləcə də rayondaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin tibbi maskadan istifadə etmələri mütləqdir. Şəxsi avtomobildə maskanın istifadə edilməsinə ehtiyac yoxdur və bu heç bir inzibati məsuliyyət yaratmır. Bu halı həmçinin Baş Dövlət X4 (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də mətbuata verdiyi açıqlamasında xüsusi olaraq vurğulamışdır. Görünən odur ki, yol polis əməkdaşının Nazirlər Kabinetinin sözügedən qərarından xəbəri yoxdur və ya ona qarşı hər hansı sair qərəzli mövqedən çıxış etmişdir. Çünki həmin vaxt əksər sürücülər maskadan istifadə etmədən hərəkət etsə də heç biri barəsində tədbir görülməmişdir. Avtomobilin içi nə bazar deyil, nə qapalı ictimai iaşə obyekti, nə də ki, açıq sahə deyil ki, o, ətraf mühitdən qorunmaq üçün zəruri tədbirlər görsün. Əksinə avtomobilin içi onu daha yaxşı qoruyur, onun virusla bağlı təhlükəsizliyini daha yaxşı təmin edir. Eyni zamanda avtomobilin içində maskadan istifadə etmək tənəffüsü bir qədər də çətinləşdirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, əvvəllər taksi fəaliyyəti ilə məşğul olsa da hadisə vaxtı avtomobilində sərnişin qismində olan şəxs onunla bir evdə yaşayan şəxs olmuşdur. Məhkəmədən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 İV tağımın YPX inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 İV tağımın YPX inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 10:07-də Bakı-Şamaxı yolunun 31-ci km-də idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Nəticədə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx.xx.2020-ci il tarixli, 189 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 idarə etdiyi “Opel Astra” minik markalı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 10:07-də Bakı-Şamaxı yolunun 31-ci kmdə hərəkətdə olarkən avtomobilində sərnişin olduğu halda fərdi qoruyucu vasitədən istifadə etməmişdir. Qeyd edilən inzibati xəta səlahiyyətli vəzifəli şəxs - Yol patrul xidməti inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən bilavasitə aşkar edilmiş və xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 İV tağımın YPX inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 İV tağımın YPX inspektoru, polis baş serjantı X.S.Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-987/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-987/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver