Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-989/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi, Gənclər şəhəri, ev 20, mənzil 23 qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:
1. Şəxs barəsində Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 13 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.
Protokolun əsaslandırıldığı hallar:
2. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən, Şəxs 13 fevral 2025-ci il tarixdə Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Nanə Pub”da ictimai qaydanı pozmuş, polis əməkdaşlarına qarşı kobudluq edərək tabesizlik etmiş və PŞ-nə gəlməkdən imtina edərək PPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.
Proses iştirakçılarının çıxışları:
3. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verdi və bildirdi ki, Şəxs sərxoş halda idi və o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə əsasən protokol tərtib etmişdir və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin PPX bölüyünün polis nəfəri X3 izahatında göstərmişdir ki, səs-küyə restorana gəldilər. Şəxs ofisiantı söyürdü. Restorandakılar onu sakitləşdirə bilmədilər. Onlar da sakitləşdirmək istədilər, lakin Şəxs sakitləşmirdi. Maşına minməkdən imtina edib müqavimət göstərirdi. Şəxs sərxoş halda idi, çox içki qəbul eləmişdir.
5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, içki içmişdi, sərxoş halda olduğu üçün nə etdiyini xatırlamır. Əməlindən peşmandır, polis əməkdaşlarından dəfələrlə üzr istəyib.
Qeyd etdiklərinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.
8. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
9. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir.
11. İşdə olan 13 fevral 2025-ci il tarixli 2/8270 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 00:45-də keçirilən tibbi müayinəsi zamanı onda “orta dərəcəli alkoqol sərxoşluğu” müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır.
12. Məhkəmə, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir.
13. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırki iş üzrə 12 fevral 2025-ci il tarixdən saat 23:15-da inzibati qaydada tutulmuşdur, məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır.
Nəticə:
14. Qeyd edilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir.
15. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur.
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 12 fevral 2025-ci il tarixdə saat 23:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova