Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-990/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Yol Polisi əməkdaşı tərəfindən barəsində xx xxxxx 2020-ci il tarixli İXM-nin 211-ci maddəsinə əsasən tərtib olunan İXP ******* cərimə protokolunu əsassız olması səbəbilə Baş Dövlət X5 şikayət etməsinə baxmayaraq, protokolu Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarına istinad edərək qanuni hesab etmiş və qəbul etmişlər. Cəriməni tərtib edən DYP əməkdaşına və daha sonra şikayət ünvanlandığı idarəyə həmin gün aptekə getdiyini dəfələrlə bildirməsinə baxmayaraq, cərimənin təkidlə əsaslı olduğu iddia edilir. Cərimə protokoluna xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətinin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin YPX inspektoru Elşən Hüseynov tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXMnin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx xxx 2020-ci il tarixli 046-30780İ-3220 nömrəli və xx xxxx 2020-ci il tarixli 046-34832İ-4220 nömrəli məktublarından görünür ki, koronovirus (COVİD 19) infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi dövründə tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət etməyərək Qanunla müəyyən edilmiş qaydada icazəsi olmadan yaşayış yerini tərk etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi 100 manat cərimə tətbiq edilməsi X2 izah edilərək qərardan narazı olduğu halda məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilərkən qüvvədə olmuş 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Hansı ki, mübahisələndirilən qərarda X1 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu qeyd edilsə də, həmin pozuntunun məhz nədən ibarət olması, özünü nədə ifadə etməsi müəyyən edilərək göstərilməmiş, bu faktı, yəni inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübut əldə edilməmişdir. X1 inzibati xətanın törədilməsi ehtimal edilən dövrdə qüvvədə olmuş İXM-nin 211-ci maddəsində nəzərdə tutulan “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” ilə müşayiət edilən məhz hansı xətaya yol verdiyi göstərilməmiş, onun tərəfindən inzibati xəta törədildiyinə dair hər hansı sübut müəyyən edilməmiş və materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarının 1-ci bəndinə əsasən qərara alınmışdır ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00dək dayandırılır. Qərarın 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmiş, müvafiq şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında; müvafiq şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra; bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə isə 8103 nömrəsinə SMS məlumat göndərərək müəyyən edilmiş indeks üzrə icazə aldıqdan sonra hərəkət etmələrinə icazə verilmişdir. Göründüyü kimi, xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarla müvafiq məhdudiyyətlər tətbiq edilsə də, insanların fərdi evlərdən və mənzillərdən hansı hallarda çıxışı müəyyən edilmişdir. Hansı ki, bura təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə çıxışlar daxil edilmişdir. İnzibati icraat zamanı X3 tərəfindən belə qayda pozuntusuna yol verib-verməməsi yoxlanılmamış və müəyyən edilməmişdir. Bununla yanaşı xx xxxxx 2020-ci il tarixli qərarın xx xxxxx 2020-ci il tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur, inzibati protokolun tərtib edildiyi xx xxxxx 2020-ci il tarixində həmin qərar, onun müddəaları qüvvədə olmamışdır. Ümumiyyətlə isə, X1 inzibati xətanın törədilməsi ehtimal edilən dövrdə qüvvədə olmuş İXM-nin 211-ci maddəsində nəzərdə tutulan “epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması” ilə müşayiət edilən inzibati xətanı törətdiyinə dair hər hansı sübut müəyyən edilməmiş və materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, xüsusi karantin rejimi dövrünü əhatə edən xx xxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X3 tərəfindən pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir, habelə, xx xxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla müvafiq qadağa və məhdudiyyətlər x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək müəyyən edilmişdir, İXM-nin 11.3-cü maddəsi ilə təsbit olunmuş inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması ilə bağlı müddəası baxımından xx xxxxx 2020-ci il tarixi üçün həmin qərarla müəyyən edilmiş qadağa və məhdudiyyətlər X3 barəsində tətbiq edilə bilməzdi. Ona görə şikayət təmin olunaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-990/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-990/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver