Məhkəmə qərarları › İş №3(007)-991/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-991/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-991/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, Bakı şəhər BPİ X10 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 09 yanvar 2025-ci il tarixdə, Nizami rayonu, Babək prospekti 76 ünvanında hərəkətə başlamaq istəyərkən X10 baş serjantı X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 5-ci bəndinin tələblərini pozduğuna görə barəsində xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. 08 yanvar 2025-ci il tarixində, axşam saatlarında idarə etdiyi **-XA-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” minik avtomobilinin yaxın məsafə işıqlandırmasında nasazlıq aşkar etmişdir. Nasazlıq aşkar olunduqdan sonra avtomobilin istismarını dayandırmışdır. 09 yanvar səhər saatlarında ilk öncə Nizami rayonu, Babək prospektində yerləşən “Kia” ehtiyat hissələri mağazasına yaxınlaşmışdır. Ehtiyat hissələri mağazasında yaxın məsafəyə işıqlandırma cihazını söküb, dəyişilməsi tələb olunan işıqlandırma blokunun yenisi ilə əvəz etmək istədiyini bildirmişdir. Müraciət etdiyi ünvanda-mağazada tələb olunan ehtiyat hissəsi olmadığı üçün ona yaxınlıqda yerləşən "Maşın bazarı" kimi tanınan yerə yaxınlaşmağı tövsiyyə etmişlər. Gedəcəyi ünvan- avtomobil bazarı olduğu məkandan uzaq olmadığı üçün, eləcə də günün işıqlı vaxtına təsadüf etdiyi üçün idarə etdiyi avtomobilin xarici işıqlandırma cihazını yerinə bağlamadan ora getmək qərarına gəlmişdir. Ərazini tərk etmək istərkən, (saat 10:30 radələrində) ərazidə xidmət göstərən DYP əməkdaşları tərəfindən idarə etdiyi avtomobilin saxlanılması qərarı verilmişdir. Saxlanılmanın səbəbini soruşduqda isə, DYP-nin baş serjantı E.Quliyev avtomobilinin konstruksiyasında nəzərdə tutulmuş xarici işıqlandırma cihazının yerində olmadığını səbəb kimi bildirmişdir. O da öz növbəsində xarici işıq cihazının avtomobilinin içində olduğunu bildirmişdir və əyani şəkildə göstərmişdir. Eyni zamanda gedəcəyi yerin də yaxında olduğunu bildirmişdir. DYP inspektoru isə işıq cihazının yerinə bağlamalı olduğunu təkid etmişdir. O da DYP inspektorunun göstərişinə əsasən sökdüyü xarici işıq cihazını yerinə bağlamış və DYP inspektoru avtomobilinin xarici işıq cihazlarının və avtomobilinin qabarit işıqlarının sazlığına əmin olduqda, ona ərazini tərk etməyə icazə vermiş və eyni zamanda ona barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib olunarkən tərəfindən DYP əməkdaşına narazılığını, protokol ilə razı olmadığını, DYP əməkdaşı tərəfindən bildirilən pozuntulara yol vermədiyini bildirsə də DYP əməkdaşı bəlli olmayan və reallığı əks etdirməyən faktları əsas gətirərək, 342-ci maddənin 5-ci bəndinin tələblərini birbaşa pozduğunu bildirmişdir. Yol patrul xidməti inspektoru tərəfindən qeyd edilən faktların mövcüd reallığı əks etdirmədiyini təkrar qeyd etsə də, DYP əməkdaşı məhəl qoymayaraq protokol tərtib etmişdir. Son anda DYP inspektoru tərəfindən ona bildirilmişdir ki, nasazlıq yerində aradan qaldırıldığı üçün tərtib olunan protokol qərarsızdır və müəyyən müddətdən sonra silinəcəkdir. Əlavə olaraq DYP inspektoru tərətindən protokol üzərinə nasazlığın aradan qaldırılması sözləri qeyd edilsə də 19 yanvar tarixində İXP seriyalı, ******* nömrəli protokol qərarlı sayılaraq, qanuni qüvvəyə minmişdir. Tərtib olunmuş protokolu incələyərkən məlum olmuşdur ki, DYP inspektoru tərəfindən qeyd edilmiş İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir: Xarici isıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının diyər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə. Aşkar olunmuş nasazlığın yerindəcə aradan qaldırılmasını nəzərə alaraq, tərtib olunmuş protokolun heç bir hüquqi əsası olmamışdır. Sözügedən protokolun əsassız olduğunu təsdiqləmək üçün hərəkət etdiyi yol boyu videomüşahidə kameralarından görüntülər alınmışdır. Eyni zamanda 09 yanvar 2025-ci il tarixdə, saat 10:40 radələrində xarici işıq cihazının təmiri ilə bağlı son müraciət etdiyi "maşın bazarında"kı mağazalardan görüntülər alınmışdır. Görüntülərdən avtomobilinin xarici işıq cihazlarının yerində olması açıq şəkildə görsənir. Son müraciət etdiyi quraşdırılmış videoqeydiyyat cihazından görüntülər (ön və arxa kameralar ilə çəkilmiş) də şikayət məktubuna əlavə olunmuşdur. Belə ki, DYP əməkdaşı tərəfindən 342-ci maddənin 5-ci bəndinin tələblərinin pozulması faktının aşkar olunduğu bildirilsə də bunu təsdiq edən bir dənə də olsun mötəbər sübut mövcüd deyildir. Bu səbəbdən barəsində Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X10 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qanunda nasazlığı “yerindəcə” aradan qaldırmaq ifadəsi yoxdur, qanunda qeyd olunur ki, “aradan qaldırıldıqda”. Əsas məqam odur ki, sürücü sükan arxasına əyləşib hərəkət etdisə o, bunu bilə-bilə etmiş sayılır. Yəni sürücü nasazlığı biləbilə yola çıxmışdır. Polis əməkdaşının isə nasazlığı görərkən sürücünü saxlamaq ixtiyarı vardır. Sürücü avtomobil tam saz vəziyyətdə olduqdan sonra yola çıxmalıdır. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.3-cü maddəsində qeyd olunur ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol boyu nəqliyyat vasitəsinin sazlığını təmin etməlidir. Polis əməkdaşı sürücüyə çox humanist yanaşmışdır. Şəxs özü etiraf edir ki, o, işıq cihazını sökmüş, daha sonra yenisini alıb onu əvəz etmişdir. Xarici işıq cihazlarının rəngi, tipi, miqdarı və s. bunların hər hansı birində dəyişiklik olursa, bunlar artıq pozuntudur. Xarici işıq cihazları uzaqvuran və yaxınvuran işıqlardan ibarətdir. Bu normativ tələblər onun üçündür ki, qarşıdan gələn sürücünün gözünü zədələməsin. Əgər qarşıdan gələn sürücünün gözü zədələnərsə yol nəqliyyat hadisəsi baş verə bilər. Texniki müayinə mərkəzində işıqların sazlığını yoxlamaq üçün böyük avadanlıqlar var. Qanunun tələbinə əsasən belə halda şəxs özü bunu dəyişə bilməz. Şəxsin özünün bunu dəyişməsi tələblərin pozulması deməkdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 10:30-da Babək prospektində “Kia Sorento” minik markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici isıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X10 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ X10 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar