Məhkəmə qərarları › İş №3(008)-1012/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1012/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1012/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin sahə inspektoru X6, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Tərtər rayonu, Mamırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 14 fevral 2023-cü il tarixli protokola əsasən 13 sentyabr 2022-ci il tarixdə X3 keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, hadisə günü keçmiş həyat yoldaşı onun idarə etdiyi maşında olarkən aralarında mübahisə yaranmış, Günel Əliyeva onun və yaxınlarının ünvanına nalayiq sözlər dediyindən o, əlinin arxası ilə bir dəfə Günel Əliyevanın sifətinə vurmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 hadisə günü Şəxs idarə etdiyi evakuator maşınında olan zaman aralarında mübahisə yaranmış və Şəxs onun sifətinə, ağzına, sinə və kürək nahiyyələrinə zərbələr endirərək onu döymüş və xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir və onun cəzasını çəkməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 14 fevral 2023-cü il tarixli protokola əsasən 13 sentyabr 2022-ci il tarixdə X3 keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülmüşdür. “İnzibati qaydada tutma haqqında” AZA 017467 nömrəli, 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 13 fevral 2023-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından rədd materialının Şəxs barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü aiddiyyəti əməkdaşa göndərilməsi qərara alınmışdır. “Məhkəmə-tibbi ekspertizası”nın 2169 nömrəli, 15 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, X2 sağ gicgah, alın, sol çənə, sağ almacıq, üst dodaq və sol bel nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəri qərarda qeyd olunan 13 sentyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görı xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, özü-özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının 2169 nömrəli, 15 sentyabr 2022-ci il tarixli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə AR İXM-nin 38-ci maddəsinin tələblərini nəzərə alaraq hazırki material üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Hazırki materialdan görünür ki, Şəxs tərəfindən AR CM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 13 sentyabr 2022-ci il tarixdə törədilmiş və həmin fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 24 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir ki, belə olan halda həmin rədd qərarının qəbul edildiyi vaxtdan 04 ay 21 gün müddət keçdiyindən və bununla da həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etməni nəzərdə tutan 03 aylıq müddət də keçmiş hesab olunmaqla bu hal, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-nin 157-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması iş materialları ilə sübuta yetirilsə də, həmin inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən AR İXM-nin 53.1.6-cı maddəsinə əsasın xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar