Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1085/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd ərazi dairəsi, Ağalıkənd kəndi qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-Polis Şöbəsindən daxil olmuş 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 09 fevral 2025-ci il tarixdə 12-ci Polis Şöbəsinin inzibati ərazisində ola zaman spirtli içkinin təsiri altında Yol Patrul Xidmətinin inzpektoruna tabesizlik göstərərək Polis Şöbəsində gəlməkdən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 09 fevral 2025-ci il tarixdə Raman qəsəbəsində etibarnamə əsasında idarə etdiyi Volkswagen markalı avtomobili idarə edən zaman Yol Patrul Xidməti inspektoru saxla nişanı vermiş və onu saxlamışdır. O spirtli içkinin təsiri altında olduğunu səmimi olaraq etiraf etmişdir və müayinədən keçməyə ehtiyac omadığını bildirmişdir. Yol Patrul Xidməti inspektorları Polis Şöbəsinə gəlməyi tələb etdikdə o onlara avtomobilinin duracağa getməli olduğunu və övladları yanında olduğu üçün onları evə aparmalı olduğunu bildirmişdir. Bu zaman X9 inspektoru onun remenindən tutub, bölməyə getməli olduğunu bildirdikdə övladları ağlamağa başlamışdır. O bu mənzərə qarşısında özünü itirmiş, spirtli içkinin təsiri altında olduğu üçün avtomobili təhvil verdiyi təqdirdə bölməyə getməməli olduğunu deyərək mübahisə etməyə başlamışdır. Daha sonra polislər fiziki güz tətbiq edərək onu avtomobilə əyləşdirdilər. O spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi üçün peşman olduğunu və Yol Patrul Xidməti inspektorunun onu saxlamağının qanuni olduğunu bildirmişdir. Lakin avtomobilini duracağa təmin edilməsini təhvil verdiyi halda polis bölməsinə getməli olmadığını bildirərək inspektor ilə mübahisə etmişdir. Mübahisə zamanı heç bir inspektora və dövlət əmlakına xəsarət yetirməmişdir. Eyni zamanda Polis əməkdaşlarının qanuni tələblərinə heç bir tabesizlik göstərməmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulduğunu və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-Polis Şöbəsindən daxil olmuş 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 09 fevral 2025-ci il tarixdə 12-ci Polis Şöbəsinin inzibati ərazisində ola zaman spirtli içkinin təsiri altında Yol Patrul Xidmətinin inzpektoruna tabesizlik göstərərək Polis Şöbəsində gəlməkdən imtina etdiyini görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında 09 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 09 fevral 2025-ci il tarixdə saat 23:55-də tutulmuşdur; Bakı şəhər BPİ-nin YPİ-nə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektorları X1 və X5 tərəfindən tərtib edilmiş 09 fevral 2025-ci il tarixli raportdan 09 fevral 2025-ci il tarixdə Sabunçu rayonu, Deputat küçəsində xidməydə olarkən təqribi saat 23:50 radalərində Volkswagen markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb, özlərini təqdim edib qayda pozuntusunu izah etdikdən sonra sənədlərini təqdim etməsini xahiş etmişdirlər, sürücü sənədləri təqdim etdikdən sonra onla ünsiyyət zamanı sürücüdən kəskin spirt iyi gəldiyi üçün onu sərxoşluq müayinəsindən keçirmişdir. Sərxoş olduğu müəyyən edildikdən sonra həmin nəqliyyat vasitəsini duracağa təmin edilməsi bildirildikdən sonra sürücü nəqliyyat vasitəsini dayanacağa təmin etməyəcəyini bildirdi. Dəfələrlə onu nizam-intizama dəvət etmələrinə baxmayaraq sürücü onlara müqavimət göstərməyə başlamışdır. Bu zaman onu patrul avtomobilinə əyləşdirib, ərazi üzrə polis bölməsinə aparmaq istəyərkən sürücü patrul avtomobilinin yanacaq çəninin qapağına əliylə vurararaq qırmışdır. Ondan sonra onu patrul avtmomobilinə əyləşdirib ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə təmin etmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Bakı şəhəri Bakı şəhər BPİ-nin polis nəfərləri tərəfindən tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs 09 fevral 2025-ci il tarixdə 12-ci Polis Şöbəsinin inzibati ərazisində ola zaman spirtli içkinin təsiri altında Yol Patrul Xidmətinin inzpektoruna tabesizlik göstərərək Polis Şöbəsinə gəlməkdən imtina etməsindən bəhs etsə də, aydın olmur ki, Şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamış və həmin tabe olmama nədə ifadə olunur. Eyni zamanda məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs heç bir tabesizlik etmədiyini, əksinə polis əməkdaşları ilə birlikdə bölməyə getdiyini bildirmişdir. Məhkəmə iclası zamanı raportu tərtib etmiş polis əməkdaşlarının məhkəmədə iştirakı tələb olunsa da, onların iştirakı təmin edilməmiş, izahatlarının alınması mümkün olmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1085/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1085/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver