Məhkəmə qərarları › İş №3(008)-1090/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1090/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1090/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov Elmar Cümşüd oğlunun iştirakı ilə, 31.03.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Məd.2,ev.64E ünvanında qeydiyyatda olan və Bakı şəhəri,Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Məd.2,ev.64E ünvanında yaşayan Rəhimov Elmar Cümşüd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rəhimov Elmar Cümşüd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında 30 yanvar 2025-ci il tarixli İXP seriyalı 6865582 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov Elmar Cümşüd oğlu özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 30.01.2025-ci il tarixdə “KİA RİO minik” markalı 99-CY-411 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən M. Əliyev küçəsində YPX əməkdaşları tərəfindən saxlanılmış və onu alkotestrlə müayinə etmişlər. Müayindən sonra onun spirtli içki qəbul etdiyini bildirmişlər. Lakin, o spirtli içki qəbul etmədiyini bildirmiş və alkotestrin nəticəsinə etiraz etmişdir. Belə ki, o həmin vaxt ümumiyyətlə içki qəbul etməmişdir. Bundan sonra onun avtomobilini cərimə meydançasına yerləşdirmişlər. O, cərimə meydançasından çıxaraq birbaşa Bakı şəhərində yerləşən Narkoloji dispanserə müraciət etmiş və onu dispanserdə sidikdən test götürmək üsulu ilə müayinə etmişlər. Müayinə nəticəsində onun ümumiyyətlə içki qəbul etmədiyi və alkoqol əlamətlərinin olmadığı müəyyən edilmişdir. Bu barədə müvafiq protokol da mövcuddur. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izhatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Rəhimov Elmar Cümşüd oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi lazımi qaydada sübuta yetirilmədiyi üçün onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 yanvar 2025-ci il tarixli İXP seriyalı 6865582 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 30 yanvar 2025-ci il tarixdə Rəhimov Elmar Cümşüd oğlu “Kia Ria Minik” markalı 99-CY-411 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sahil küçəsində idarə edərkən yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış, daha sonra zamanı sürücünün spirtli içki içdiyi müəyyən edilmişdir. Həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov Elmar Cümşüd oğlu protokolla razı olmasını təsdiq edən qeydlər yoxdur. İş materiallarına əlavə edilmiş alkotestr nəticəsindən görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 01:00-də Rəhimov Elmar Cümşüd oğlunun alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/5416 saylı, 30.01.2025-ci il tarixli akta əsasən müayinə edilən vaxt yəni 30.01.2025-ci il tarixdə saat 02:00-də Rəhimov Elmar Cümşüd oğlu ayıq vəziyyətdə (alkoqolun miqdarı 0,00%) olmuş, onda alkoqol sərxoşluğu əlamətləri olmamışdır. Məhkəmə qeyd edir ki, Rəhimov Elmar Cümşüd oğlunun sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasətin nəticəsi iş üzrə şəxsin təqsirliliyini sübut edən yetərli sübut hesab edilə bilməz. Belə ki, protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin vaxt xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə sürücünün inzibati xəta haqqında protokollar tanış olmaqdan imtina etməsi və Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində verdiyi izahatları onun xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmadığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İndiki halda şəxsin sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi ilə razılaşmasını təsdiq edən sübut yoxdur, əksinə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeydləri onun nəticə ilə razılaşmadığnı təsdiq edir. Həmçinin iş materiallarında hadisədən 03 saat sonra sürücünü ayıq olması, onda sərxoşluq vəziyyyəti əlamətlərinin ümumiyyətlə olmaması barədə tibbi müayinə protokolu mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov Elmar Cümşüd oğlunun təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Rəhimov Elmar Cümşüd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar