Məhkəmə qərarları › İş №3(008)-1094/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1094/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1094/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərli Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu,Çalburun kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 20 fevral 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin, o cümlədən X6 3 yaşına çatanadək cavabdeh Şəxs hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış və onun 8400 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasından iştirak edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 protokolun dəlillərinı uyğun izahat verərək inzibati xəta üzrə icraat aparılan Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, 2022-ci ilin iyun ayına kimi 230 manat məbləğində aliment ödəmiş, 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayının 31-dək isə X5 ilə barışdığı üçün eyni evdə yaşayıb, evin və övladlarının təminatı onun tərəfindən həyata keçirilmişdir. Yanvar ayının 31-dən Günel Abdullayevanın evdən getmiş və cəmi 20 gündür ki, ayrı yaşayırlar. Hesab edir ki, hazırda zərərçəkmiş şəxsin birlikdə yaşadıqları dövrə görə də ondan aliment tələb etməsi ədalətli deyildir. Belə ki, o, ailəsinin və aliment ödəməli olduğu uşaqlarının bu aylar ərzində bütün təminatını özü həyata keçirmişdir. Bu səbəbdən barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 Ruslan Məhərrəm oğlu tərəfindən icra sənədi üzrə ödənişlərin edilmədiyini, hazırda da aliment məbləğinin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs həqiqətən də ötən ilin iyun ayından bu ilin yanvar ayının 31-dək Şəxslə barışaraq bir evdə yaşadıqlarını, özünün işləmədiyini və ailənin bütün maddi təminatının həmin müddətdə Şəxs tərəfindən qarşılandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin, o cümlədən X6 3 yaşına çatanadək cavabdeh Şəxs hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulmağı qət edilmişdir. “İcraata başlama haqqında” 23 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2022 saylı, xx.xx.2022-ci il icra vərəqəsi əsasında Gədəbəy rayon icra və probasiya şöbəsində iş üzrə icraat başlanılmışdır. 20 fevral 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında mübahisəsiz şəkildə müəyyən edilmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxslə zərərçəkmiş şəxs boşandıqdan bir neçə ay sonra- 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvarın ayının sonunadək bir evdə ailə kimi yaşamışlar, həmin müddət ərzində ailədə yeganə işləyən və qazanc gətirən şəxs Şəxs olmuş və ailənin, o cümlədən, məhkəmə qətnaməsi ilə xeyirlərinə aliment tutulmalı olan uşaqlarının maddi təminatı da Şəxs həyata keçirilmişdir. Göstərilən xüsusat məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən də təsdiq edilmiş və ötən müddət ərzində zərərçəkmiş şəxsin də aliment tələb etməmiş, bununla bağlı icra məmuruna müraciət etməmişdir ki, belə olan halda ötən müddət ərzində barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxs və uşaqları birlikdə yaşayaraq onların maddi təminatını həyata keçirməsi onun əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibinin, yəni Şəxs üzürsüz səbəbdən icra sənədini icra etməməsi halının mövcudluğunu istisna edir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs bu günədək rəsmi qaydada tələbin könüllü icrası barədə bildirişi almamış və onun icra sənədi üzrə icraatın başlanmasından xəbəri olmamış, o, ilk dəfə olaraq bu gün icra şöbəsinə gələrək onun izahatı alınmışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 01 ildən artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (barəsində inzibati qaydada icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlama barədə qərarın, tələbin könüllü icrası barədə bildirişin verilməsi, şəxsin icra şöbəsinə dəvət olunaraq məsuliyyət barədə xəbərdar olunması, izahatının alınması, işsiz olduğu təqdirdə işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs əməlində yuxarıda göstərilənlərə əsasən icra sənədini üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar