Məhkəmə qərarları › İş №3(008)-1095/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1095/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1095/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş 20 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xəlilov X7 MR Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-476/2020 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-476/2020 saylı icra sənədinə əsasən Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-321/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə 140 manat olmaqla ümumilikdə iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin ondan tutularaq X6 ödənilməsi qət olunmuşdur. "xxxx" MMC-də sürücü yanında köməkçi fəhlə kimi işlədiyindən, əmək haqqı məbləği işlədiyi işin həcminə uyğun olaraq ödənildiyindən, ona əmək haqqından 70 %-dən çox olmayaraq tutulma tətbiq olunduğundan, aylar üzrə ödəniş 280 manatdan aşağı ola bilir. Qalan aliment borcunu hissə-hissə ödəməklə hazırkı vaxtadək 5468 manat ödəniş etmiş, cəmi 692 manat aliment borcu qalmışdır, ayın sonunadək təxminən 300-400 manat ödəniş edəcəyini, aliment ödənişindən qərəzli olaraq boyun qaçırmadığını bildirərək, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-476/2020 saylı icra sənədindən görünür ki, Şəxs hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-476/2020 saylı aliment tələbi ilə bağlı icra sənədi icra olunması üçün borclunun işlədiyi "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, borclu Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixadək aliment borcu üzrə ödənişləri mütəmadi qaydada ödəmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Şəxs tərəfindən X8 adına göndərilən pul köçürmələrinin siyahısından görünür ki, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə 200 manat olmaqla, cəmi 600 manat ödəniş olunmuşdur. Ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 196 manat, xx.xx.2022-ci il tarixdə 250 manat və xx.xx.2023-cü il tarixdə 300 manat X3 hesabına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra sənədi üzrə aliment borcuna dair mütəmadi ödənişlər etmiş, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar