Məhkəmə qərarları › İş №3(008)-1105/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1105/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1105/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayon, X10 X7 Xidmətinin Baş inspektoru polis baş leytenantı X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsini düzgün təfsir etməyərək barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. X2 şikayətdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavəyə istinad edərək bildirmişdir ki, dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslarıdan başqa) kuzovunun arxa divarında təkrar yazılmalıdır.Göründüyü kimi hər iki normada söhbət dövlət qeydiyyat nişanlarından, yəni DYP-nin nəqliyyat vasitələri üçün verdiyi məlum xüsusi lövhələrdən gedir. Hər normaların heç biri dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin yük avtomobillərinin, qoşquların və avtobusların banının arxa tərəfində yazılmaması halını ehtiva edə bilməz. Dövlət standartlarında yük avtomobillərinin, qoşquların və avtobusların kuzovunun (banının) arxasında dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin təkrar yazılması ilə bağlı bir kəlməyə də rast gəlinmir və təbii ki, bunun standartı müəyyən edilmir. Azərbaycan Respublikası qanunvericiliyində yük daşıyan avtomobillərin qoşquların və avtobusların kuzovunun arxa divarında dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin təkrar yazılmamasına görə heç bir məsuliyyət nəzərdə tutulmur və heç kəs buna görə inzibati qaydada cərimə oluna bilməz. Uzağı DYP-nin əməkdaşı nəqliyyatı vasitəsini idarə edən sürücünü dayandıraraq xəbərdar edə bilər ki, idarə etdiyi yük daşıyan avtomobilin, qoşqunun və avtobusun kuzovunun arxa divarında dövlət qeydiyyat nişanının hərf və rəqəmlərini təkrar yazsın. Bundan başqa, şikayətçi qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayon DYPŞ Yol Patrul Xidmətinin Baş inspektoru polis baş leytenantı X4 vəzifə səlahiyyətlərini aşaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, şikayətdə qeyd olunur ki, X4 qanunla müəyyən edilmiş qaydada onun üzərinə qoyulmuş vəzifəni icra etməmiş və onu qanunsuz saxlayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun hansı maddəsinin tələblərini pozduğunu və İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə cərimə olunduğunu və həmin qərardan narazı olduğu halda şikayət etmək qaydasını izah etməmiş, onu qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol əsasında barəsində tərtib edilmiş inzibati qərarın surəti ona verilməmiş, yalnız telefon sms vasitəsilə İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunması ona məlum olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, X2 məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Beləliklə o, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 izahatında bildirdi ki, Sabunçu rayon DYPŞ Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılmış, saxlanılarkən ona bildirmişlər ki, idarə etdiyi “Qaz-330210” markalı avtomobilin arxa nömrəsi üzərindən qırılaraq düşmüşdür, o da baxdıqda nömrənin qırıldığını görmüş, sonradan qırılan hissəni yoldan tapmışdır. Şikayətində göstərilınlərin nəzərə alınaraq xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu rayon DYPŞ Yol Patrul Xidmətinin Baş inspektor polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 342.7ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Sabunçu rayon DYPŞ Yol Patrul Xidmətinin Baş inspektor polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 11:41-də Abşeron rayonu, Ə.Əliyev (Y.Kürdəxanı),9 ünvanında “QAZ 330210” YÜK markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 11:41-də Abşeron rayonu, Ə.Əliyev (Y.Kürdəxanı),9 ünvanında “QAZ 330210” YÜK markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sözügedən yük maşınının fotoşəkillərindən görünür ki, “QAZ 330210” YÜK markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı qırıq olmaqla mövcud standartlara uyğun deyildir. Bundan başqa X5 izahatında DYPŞ Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılarkən idarə etdiyi “Qaz-330210” markalı avtomobilin arxa nömrəsinin üzərindən qırılaraq düşdüyü bildirilmiş, o da baxdıqda nömrənin bir hissəsinin avtomobilin üzərində olmadığını müşahidə etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar