Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1144/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Rafiq oğlunun sədrliyi, X2 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 06 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şahid1 xx.xx.2025-ci il tarixdən, Şahid2, Şahid3, Şahid4 xx.xx.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, X1 Xidməti tərəfindən tərtib olunmuş protokolla razı deyildir. Onun nümayəndəsi olduğu MMC podratçı şirkət kimi fəaliyyət göstərir. MMC-nin portala daxil etmək kimi bir səlahiyyəti olmadığından işçilər onlar tərəfindən deyil, sifarişçi şirkət tərəfindən portala daxil edilirlər. Belə ki, protokolda qeyd olunan şəxslərlə, yəni Şahid1, Şahid2, Şahid3 və Şahid4 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır. Yanvar ayından isə onların Qarabağın işğaldan azad olunan ərazilərində işlərə təhkim olunması ilə bağlı sifarişçi şirkət müvafiq orqandan icazə alınmışdır. Lakin, daha sonra şəxslərin işləmək istəmədikləri üçün öz təşəbbüsləri ilə əmək müqavilələrinə xitam verilmişdir. Buna görə də, sifarişçi şirkətə həmin şəxslərin icazəsinin ləğv edilməsi ilə bağlı siyahı göndərilsə də, ehtimal olunur ki, onların texniki səhvi nəticəsində şəxslərə aid məlumatlar portaldan silinməmişdir. Hazırki, iş üzrə Şəxs MMC-nin təqsiri yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, o, suvaqçı kimi iş təklifi olunan adını bilmədiyi şirkət kimi əmək müqaviləsi əsasında həmin yerdə işləməklə bağlı razılaşmışdır. Dekabr ayında bir az işlədikdən sonra onlara deyilmişdir ki, işlə bağlı Qarabağ ərazisinə getməlidirlər. Bundan sonra o, imtina etmiş, səhhəti ilə əlaqədar əmək müqaviləsinə xitam verilərək işdən çıxmaqla bağlı şirkətə müraciət etmişdir. Şəkər xəstəsidir, hər gün insulin iynə istifadə edir. Qarabağ ərazisindəki mövcud iş və yaşam şəraiti onun müalicəsi üçün uyğun deyil. Bir daha qeyd edir ki, o, heç vaxt Qarabağ ərazisinə işləməyə getməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə izahat vermələri üçün protokolda adları qeyd olunmuş digər şəxslər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında iştiraklarını təmin etmək məqsədi ilə həmin şəxslərlə dəfələrlə əlaqə yaratmağa cəhd göstərilsə də Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Şahid4 ilə saxlanılmış telefon əlaqəsi (***-***-**- **) zamanı o, bildirmişdir ki, İmişli rayonunda yaşayır, maddi imkanı zəif olduğundan yol məsrəflərini qarşılaya bilməyəcək və bu səbəbdən də məhkəmə iclasında iştirak etməyəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Portaldan çıxarışlardan görünür ki, Şəxs MMC Şahid1, Şahid2, Şahid3 və Şahid4 işğaldan azad edilmiş ərazilərə işləməyə keçməsi üçün icazə alınmasına dair Daxili İşlər Nazirliyinə müraciət etmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 502 nömrəli Əmrdən görünür ki, Şəxs MMC-nin “suvaqçı” vəzifəsində işləyən Şahid1 ilə bağlanılmış xxxxxxx000900 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 600 nömrəli Əmrdən görünür ki, Şəxs MMC-nin “fəhlə” vəzifəsində işləyən Şahid4 ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 614 nömrəli Əmrdən görünür ki, Şəxs MMC-nin “fəhlə” vəzifəsində işləyən Şahid3 ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 616 nömrəli Əmrdən görünür ki, Şəxs MMC-nin “fəhlə” vəzifəsində işləyən Şahid2 ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin və şahidin izahatları ilə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 06 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda Şahid1 xx.xx.2025-ci il tarixdən, Şahid2, Şahid3 və Şahid4 xx.xx.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri göstərilsə də, Şəxs MMC ilə Şahid1 arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025ci il tarixdə, Şahid2, Şahid3 və Şahid4 arasında bağlanılmış əmək müqavilələrinə isə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, Şahid1, Şahid2, Şahid3 və Şahid4 Şəxs MMC tərəfindən hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, X1 Xidməti Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən Şahid1, Şahid2, Şahid3 və Şahid4 işlərin yerinə yetirilməsinə cəlb edilmələrini göstərsə də, adları çəkilən şəxslərin işğaldan azad olunmuş ərazilərdə (hansı rayonlarda) konkret olaraq hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini sübut edə bilmir. Məhkəmə qeyd edir ki, Portaldan çıxarış Şəxs MMC-nin Şahid1, Şahid2, Şahid3 və Şahid4 işğaldan azad edilmiş ərazilərə işləməyə keçməsi üçün icazə alınmasına dair müraciət edilməsi faktını təsdiq etsə də, adı çəkilən şəxslərin həmin ərazilərə keçibkeçməməsini və ya hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməməsini təsdiq etmir. Həmçinin məhkəmə qeyd edir ki, protokol tərtib edən orqan tərəfindən Şahid1, Şahid2, Şahid3 və Şahid4 izahatları belə alınmamışdır. Halbuki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında xəstə olduğu üçün Qarabağ ərazisindəki mövcud iş və yaşam şəraitinin onun müalicəsinə uyğun olmadığını və ümumiyyətlə heç vaxt Qarabağ ərazisinə işləməyə getmədiyini bildirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, X1 Xidməti tərəfindən toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(008)-1144/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1144/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver