Məhkəmə qərarları › İş №3(008)-1187/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1187/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1187/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Üzeyir Məmmədovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə 21 yanvar 1988-ci il tarixdə Cəbrayıl rayonu, Əmirvarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Cəbrayıl rayonu, Əmirvarlı kəndində, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olan-Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət.Şəxs oğlu 20 fevral 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Üzeyir Məmmədov tərəfindən MN № ******* saylı, 21 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Üzeyir Məmmədov izahatında göstərmişdir ki, Vət. Şəxs 20 fevral 2022-ci il tarixdə bölmənin ərazisində xidmət aparan polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmayaraq könüllü şəkildə bölməyə getməkdən imtina etmişdir. Daha sonra o polis əməkdaşları tərəfindən bölməyə gətirilmiş, tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs oğlu izahatında göstərmişdir ki, o polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Bölməyə dəvət etdikdə könüllü şəkildə bölməyə getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəh., Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Görünyüdü kimi, Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inziabti məsuliyyətə cəlb olunmasına dair iş materiallarına protokoldan başqa heç bir sübut əlavə edilməmişdir. İş üzrə şahidlər dindirilməmiş, işin faktiki halları tam olaraq araşdırlmamış, heç bir kamera görüntüsü məhkəməyə təqdim olunmamışdır. İnziabti Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İş materialları ilə Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq iş materialları sübuta yetmir. Məhkəmə Şəxs oğlu barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın faktiki hallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs oğlu dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar